Victoria Beckhamın şirkəti 17 ildən sonra ilk dəfə mənfəət əldə edib
Britaniyalı dizayner və keçmiş “Spice Girls” üzvü Victoria Beckhamın moda və gözəllik biznesi fəaliyyətə başladığı 2008-ci ildən bəri ilk dəfə əməliyyat mənfəəti əldə edib.
Victoria Beckhamın kreativ direktor olduğu Victoria Beckham Holdings Ltd şirkətinin 2025-ci ildə 7,3 milyon funt sterlinq əməliyyat mənfəəti əldə etdiyi açıqlanıb. Şirkət əvvəlki illərdə ciddi maliyyə itkiləri ilə üzləşib.
Victoria Beckham “Financial Times”a açıqlamasında şirkətin mənfəətə keçməsinin uzun illər davam edən səylərin nəticəsi olduğunu bildirib.
“Biz uzun müddətdir bu mənfəət və artım mərhələsi üçün çox çalışmışıq. Biznesdə yaşadığımız problemlər barədə həmişə açıq olmuşuq. Lakin vəziyyəti bərpa etdik və hazırda daha sağlam tempdə böyüyürük. Artıq 20 ildən sonra insanlar brendimi yalnız məşhur simanın yaratdığı marka kimi qəbul etmirlər”,-deyə o qeyd edib.
Dəriyə qulluq məhsulları satışları artırıb
Şirkətin 2025-ci ildə moda bölməsində ümumilikdə “iki rəqəmli güclü artım” qeydə alınıb. 2019-cu ildə fəaliyyətə başlayan gözəllik bölməsi isə indiyədək ən güclü nəticələrindən birini göstərib.
Xüsusilə Victoria Beckhamın “Foundation Drops” tonal əsaslı dəriyə qulluq məhsulu böyük maraq doğurub. Məhsul üçün 25 min nəfərlik gözləmə siyahısı yaranıb. Şirkətin məlumatına görə, bu məhsul dəriyə qulluq biznesinin həcmini iki dəfə artırıb.
Victoria Beckhamın moda biznesinin inkişaf mübarizəsindən bəhs edən “Netflix” sənədli filmi də satışlara müsbət təsir göstərib. Şirkətin hesablarında sənədli filmin nümayişindən sonra, xüsusilə cins geyim və trikotaj məhsullarına tələbatın əhəmiyyətli dərəcədə artdığı bildirilib.
Beckham ailəsi biznesi maliyyə böhranından çıxarıb
Sənədli filmdə Victoria Beckham dizayner və sahibkar kimi özünü sübut etmək üçün qarşılaşdığı çətinliklərdən danışıb. Şirkətin bir müddət ərzində on milyonlarla funt sterlinq borc içində olduğu da filmdə əks olunub.
Bu dövrdə onun həyat yoldaşı, keçmiş futbolçu David Beckham şirkətə maliyyə dəstəyi göstərib. Victoria Beckham bildirib ki, həyat yoldaşı ona inanmasaydı, şirkəti bu gün fəaliyyət göstərməyəcəkdi.
2017-ci ildə isə Victoria Beckham şirkətin 30 faiz payını NEO Investment Partners şirkətinə 30 milyon funt sterlinqə satıb. Bu investisiyadan sonra biznesdə yenidən strukturlaşdırma aparılıb.
Hazırda Victoria Beckham brendi moda, kosmetika və dəriyə qulluq məhsulları sahəsində fəaliyyətini genişləndirərək maliyyə baxımından daha dayanıqlı mərhələyə keçib.
Güllər Gülhüseynova