Vikinqlər dövrünə aid trepanasiyalı kəllə kütləvi məzarda tapılıb
Kembric yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı Vikinqlər dövrünə aid, boyu təxminən 1,9 metr olan gənc bir kişinin skeleti aşkar edilib. Onun kəlləsində trepanasiya, yəni insan sağ ikən kəllədə dəlik açılması əməliyyatının izləri var. Dəlikdə sağalma əlamətləri müşahidə olunur ki, bu da əməliyyatdan sonra bir müddət yaşadığını göstərir.
Mütəxəssislərin fikrincə, trepanasiya şiddətli baş ağrılarını azaltmaq məqsədi ilə aparılmış ola bilər. Sümük üzrə ekspert Dr. Triş Birs ehtimal edir ki, həmin şəxsdə hipofiz vəzinin şişi olub. Bu cür şişlər həm güclü ağrılara, həm də həddindən artıq böyüməyə səbəb ola bilər ki, bu da onun dövr üçün qeyri-adi sayılan hündürlüyünü izah edir. Müqayisə üçün, həmin dövrdə kişilərin orta boyu təxminən 1,65 metr idi.
Skelet Wandlebury adlı, tarixi əhəmiyyətə malik Dəmir dövrü qalasında tapılmış kütləvi məzarda yerləşirdi. Məzarda ümumilikdə 10 gənc kişinin qalıqları olub. Bəziləri parçalanmış vəziyyətdə, bəziləri isə bağlanmış halda tapılıb. Arxeoloqlar bu qalıqların döyüş nəticəsində deyil, daha çox edam və ya cəza ilə əlaqəli ola biləcəyini bildirirlər. Hətta bəzi bədən hissələrinin əvvəlcə nümayiş məqsədilə sərgilənmiş, sonra isə birlikdə basdırılmış ola biləcəyi ehtimal olunur.
Tapıntılar 9-cu əsrə, Kembric bölgəsinin saksonlarla vikinqlər arasında münaqişə zonası olduğu dövrə aiddir. Qazıntılar Kembric Universitetinin gənc arxeoloqlar üçün təlim layihəsi çərçivəsində aparılıb və nəticələr BBC Two-nun “Digging for Britain” proqramında nümayiş olunacaq.
BBC
Reyhan Quliyeva
