00:00:00
Yazar
Ayan Sədi
19.03.2026 19:48 44 2 dəq oxuma
Mədəniyyət

Vitrin bayramından o yana: Novruzun unudulan “mənəvi kodları”

Vitrin bayramından o yana: Novruzun unudulan “mənəvi kodları”

Novruz bayramı çox vaxt sadəcə təqvim dəyişikliyi və ya qastronomik şənlik kimi qəbul edilsə də, bir kulturoloji hadisə kimi onun kökündə mənəvi yenilənmənin gizli kodları dayanır. Bu bayramın daxili qatlarında gizlənən “sakral ruh” və ritualların daşıdığı simvolik mənalar müasir dövrün vizual meyarları fonunda yenidən təhlil edilir.

 

Azərbaycanın Turizm və Menecment Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə mövzu ilə bağlı "İnformator.az"a bildirib ki, Novruzun kökündə zamanın xətti deyil, dövri olduğunu göstərən “əbədi qayıdış” düşüncəsi dayanır. Onun sözlərinə görə, təbiətin oyanışı ilə insanın mənəvi dünyası arasında qırılmaz bir bağ mövcuddur: 

 

“Təbiət oyanırsa, insan ruhu da ‘qış yuxusundan’ ayrılmalı, daxili təmizlənmə keçirməlidir. Əsas fəlsəfə xeyirin şər üzərində qələbəsi, işığın qaranlığı boğması və həyatın ölümdən yenidən doğulmasıdır. Bu, ümidin və dirçəlişin qələbəsidir. Əgər çöldə otlar cücərirsə, insanın daxilindəki küsülülük, tənbəllik və qəm-qüssə də getməlidir. Novruz sadəcə plov yemək və tonqaldan tullanmaq deyil; bu, köhnəni geridə qoyub, təbiətlə birlikdə təzələnmək bayramıdır”.

 

Sənətşünas vurğulayıb ki, dünyanın yaranış mərhələlərini simvolizə edən dörd ünsürün - Su, Od, Yel və Torpağın bir-birini izləməsində dərin bir məntiqi zəncir var. Belə ki, həyatın mayası olan sudan başlayan bu proses odla hərəkətə gəlir, yellə nəfəs qazanır və nəhayət, Torpaq çərşənbəsində öz kulminasiya nöqtəsinə çatır. Torpaq bütün bu elementləri özündə cəmləyərək həyatı yenidən doğurur və yaradılış dramını tamamlayır.

 

Həmçinin əlavə edib ki, Azərbaycan dramaturgiyasının və teatr sənətinin köklərini də məhz bu çərşənbə rituallarında axtarmaq zəruridir:

 

“Azərbaycan peşəkar teatrı yaranana qədər xalqın estetik ehtiyacını məhz bu çərşənbə ritualları ödəyirdi. Məsələn, ‘Kosa-kosa’ oyunu mifik bir dramdır. Qışla Yazın mübarizəsinin personajlaşdırılmış forması olan bu rituallarda dialoq, maska, qrim və tamaşaçı ilə ünsiyyət var. Bu, xalq teatrının ən orijinal formasıdır”.

 

Vüsalə Məmmədzadə sonda qeyd edib ki, Novruzun bir “vitrin bayramına” çevrilməsi onun mənəvi sütunlarını sarsıdır. O, bayramın sakral mahiyyətini qorumağın vacibliyini bu cür ifadə edib: 

 

“Təəssüf ki, bu gün Novruz sanki bir vizual şouya çevrilir. Amma unutmayaq ki, süfrədəki hər bir nemət əcdadlarımızın kainatla qurduğu sirli dialoqdur. Şəkərbura Ayın, paxlava ulduzların, qoğal Günəşin, səməni isə əbədi dirilişin rəmzidir. Övladlarımıza öyrətməliyik ki, Novruz mədənin yox, məhz təmizlənmiş ruhun və barışmış qəlblərin bayramıdır. Küslülər barışmırsa, qəlblərdən kin çıxmırsa, süfrədəki yeddi növ nemətin heç bir mənəvi çəkisi yoxdur. Gəlin, Novruzu genetik yaddaşımızın ən parlaq səhifəsi kimi qoruyaq”.

 

Lalə Əhməd

#yeni #“mənəvi #novruzun #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər