Vizual xəbərlərin gücü: Emosianal təsir, yoxsa dəqiqlik və obyektivlik
23 fevral Bakı Dövlət Universiteti jurnalistika fakültəsində Teleradio Akademiyasının direktoru Almaz Mahmud elmi seminar keçirdi.
Vizual xəbərlərin önəmindən danışan Almaz Mahmud vacib məsələlərdən bəhs etdi:
“Vizual xəbərlər həmişə daha yaxşı yaddaşda qalır. Çünki şəkillər mətnlə müqayisədə daha təsirli və güclü olur. Bundan əlavə, vizual xəbərlərin, həm də çox təhlükəli olduğu da əsas mövzulardan biridir. Vizual xəbərlər daha çox manipuliyativ xüsusiyyətə malikdir”.
Fotonun önəmindən danışan Almaz Mahmud maraqlı hadisələrdən faktlar gətirərək lazımi fikirlərini iştirakçılarla bölüşdü:
“Foto və video görüntülər mühüm həqiqətləri üzə çıxara, qanunsuzluq və səhlənkarlığı ifşa edə, ümid və anlayış yarada, o cümlədən vizuallıq vasitəsilə dünyanın müxtəlif yerlərində insanları birləşdirə bilər. Bundan əlavə, fotolar diqqətsiz çəkildikdə və ya manipulyasiya olunduqda mövzuya ciddi zərər verə bilər. Əlavə olaraq, vizual informasiya yayan jurnalistlər obyektivlik, neytrallıq məsələlərinə ciddi əməl etməlidirlər. Auditoriyadan isə tənqidi düşünmək, vizual materialları şərh etmək, şəkillərdəki (video) mənanı təhlil etmək tələb olunur”.

Soyuq və isti xəbərlər haqqında da fikirlərini bölüşən Almaz Mahmud jurnalistlər üçün xəbərin heç vaxt ölmədiyini qeyd etdi:
“Jurnalistlər üçün xəbər heç vaxt ölmür, yəni onun ətrafında baş verən xəbərlər jurnalistləri həmişə maraqlandırır. Bunlar soyuq vizual və isti vizual xəbərlər adlanır. Buna illər əvvəl çəkilən fotonun illər sonra aktuallaşması prosesi ən bariz nümunədir. 2020ci ildə Gəncə terror hücumu zamanı hər iki valideynini itirmiş Nilayın fotosu illər sonra aktuallaşır, sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gəncə terror hücumunda valideynlərini itirmiş Nilayın fotosu gündəmdə yayılır”.
Seminarın sonunda Almaz xanım bütün iştirakçılara minnətdarlığını bildirərək onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Asiman Vəliyeva
