Vətən Müharibəsi Qəhrəmanı
Azərbaycanın azadlığı və torpaq bütövlüyü uğrunda gedən Vətən müharibəsində igidlik göstərən qəhrəmanlarımız xalqımızın qürurudur. Onlardan biri də vətənə sədaqəti, cəsarəti və fədakarlığı ilə seçilən kiçik çavuş Eltay Quliyevdir. O, Aprel döyüşlərindən sonra yenidən ordu sıralarına qoşularaq, Vətən müharibəsində ön cəbhədə vuruşub və Suqovuşanın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun igidliyi və Vətənə bağlılığı xalqımızın yaddaşında daim yaşayacaq.
Quliyev Eltay Əli oğlu 3 iyun 1989-cu ildə Goranboy rayonunun Quşçular kəndində doğulub. 2006-cı ildə Gəncə şəhər 33 nömrəli tam orta məktəbi bitirib.
2007-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılıb, Milli Qvardiya – Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət edib.
Bir müddət Türkiyə Respublikasında əmək fəaliyyəti ilə məşğul olan Eltay Quliyev 2016-cı ildə tarixə “4 günlük müharibə” kimi düşən Aprel döyüşləri zamanı Azərbaycana geri dönüb və könüllü olaraq orduya yazılıb. 1 iyun 2020-ci il tarixində Azərbaycan Ordusunda MAXE hərbi qulluqçu kimi xidmətə başlayıb.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığından qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin kiçik çavuşu Eltay Quliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib, Tərtər və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə vuruşub. 29 sentyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi uğrunda gedən döyüşdə şəhid olub. 30 sentyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Quliyev Eltay Əli oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” (ölümündən sonra) ordeni və medalları ilə təltif edilib.
Nuray Əliyeva
