Vətən Müharibəsi Qəhrəmanı
Azərbaycanın igid oğulları torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi uğrunda canlarını fəda edərək xalqımızın şərəf və qürur simvollarına çevriliblər. Onların göstərdiyi qəhrəmanlıq və vətənpərvərlik hər bir azərbaycanlı üçün ilham mənbəyidir. Belə igidlərdən biri də Vətən müharibəsində mərdlik göstərərək şəhidlik zirvəsinə ucalan Bayramov Orxan Surxay oğludur. Onun döyüş meydanında göstərdiyi rəşadət, Vətənə olan sarsılmaz sevgisi və fədakarlığı xalqımızın yaddaşında daim yaşayacaq.
Bayramov Orxan Surxay oğlu 29 yanvar 1993-cü ildə Gəncə şəhərində doğulub. 1999-cu ildə Gəncə şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyaya daxil olub.
2008-2011-ci illərdə 3 nömrəli Peşə liseyində (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) davam etdirib.
2020-ci il iyul ayının 26-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığından qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Orxan Bayramov xidmət etdiyi hərbi hissənin tərkibində Vətən müharibəsinə qatılaraq, Füzuli və Cəbrayıl rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
2 oktyabr 2020-ci il tarixində şəhid olub. 3 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Bayramov Orxan Surxay oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) medalları ilə təltif olunub.
Nuray Əliyeva
