00:00:00
Yazar
Admin User
14.10.2025 14:17 211 2 dəq oxuma
Mədəniyyət

Vətən Müharibəsi Qəhrəmanı

Vətən Müharibəsi Qəhrəmanı

Vətən sevgisi hər bir gəncin qəlbində yaşasa da, bu sevgini canı ilə təsdiq edən qəhrəmanlar tarixə adlarını qızıl hərflərlə yazdırırlar. Onlar torpaqlarımızın azadlığı və xalqımızın təhlükəsizliyi uğrunda fədakarlıq göstərərək bu günkü müstəqilliyimizin təminatçılarına çevriliblər. Belə qəhrəmanlardan biri də 44 günlük Vətən Müharibəsində şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Musayev Ayxan Mehman oğludur.


Musayev Ayxan Mehman oğlu 22 sentyabr 2000-ci il tarixində Gəncə şəhərində doğulub. 2006-2017-ci illərdə Gəncə Şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Gəncə şəhər 1 nömrəli Peşə məktəbinə (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) daxil olaraq, “Qaz qaynaqçısı” ixtisası üzrə təhsil alıb.

2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edib. Həqiqi hərbi xidmət zamanı "Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlim”də və "Azərbaycan uğrunda ən yaxşı bölük" adlı yarışda əldə etdiyi nailiyyətərə görə mükafatlandırılıb.

 

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığından qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsin əsgəri olan Ayxan Musayev Vətən Müharibəsində iştirak edib, Füzuli, Xocavənd və Cəbrayıl rayonları, habelə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib.

 

8 noyabr 2020-ci il tarixində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə yaralanıb, ilkin tibbi yardımdan sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilib. Həkimlərin səyinə baxmayaraq, 20 gün koma vəziyyətində qaldıqdan sonra 28 noyabr 2020-ci tarixində şəhidlik zirvəsinə ucalıb. 29 noyabr 2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Musayev Ayxan Mehman oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilib.

 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər