Vətən Müharibəsi Qəhrəmanı
Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlər xalqımızın qürur mənbəyidir. Onların göstərdiyi qəhrəmanlıq, vətənə sədaqət və fədakarlıq bu gün hər bir Azərbaycanlı üçün nümunədir. Vətən müharibəsində rəşadətlə döyüşərək şəhidlik zirvəsinə ucalan Bağırov Nurlan İsmayıl oğlu da belə igidlərimizdəndir. O, gənc yaşında Vətən sevgisini hər kəsə nümayiş etdirərək, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən qəhrəman oğullarımızdan biridir.
Bağırov Nurlan İsmayıl oğlu 21 yanvar 2001-ci ildə Gəncə şəhərində doğulub. 2019-cu ildə Kəlbəcər rayonunun Gəncə şəhərində yerləşən 98 nömrəli orta məktəbini bitirib. 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etməyə başlayıb.
27 sentyabr 2020-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığından qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak edib. O, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri kimi Füzuli rayonu uğrunda gedən döyüşlərdə yer alıb.
25 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində gedən döyüşlərdə şəhid olub. 26 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Bağırov Nurlan İsmayil oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) medalı , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra) medalı ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) medalı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” (ölümündən sonra) ordeni ilə təltif olunub.
Nuray Əliyeva
