Vətən Müharibəsi Qəhrəmanı
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımız xalqımızın qürur mənbəyidir. Onların göstərdiyi igidlik, vətənpərvərlik və fədakarlıq gələcək nəsillər üçün əsl örnəkdir. Belə qəhrəmanlardan biri də Vətən müharibəsində şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Məmmədov Altun Nüsrət oğludur. Onun həyat yolu və döyüş meydanında göstərdiyi qəhrəmanlıq Azərbaycan gəncliyinə Vətənə sədaqətin və mərdliyin parlaq nümunəsidir.
Məmmədov Altun Nüsrət oğlu 21 avqust 1999-cu ildə Gəncə şəhərində doğulub. 2006-cı ildə Gəncə şəhər N.Gəncəvi adına 11 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2015-ci ildə həmin məktəbi bitirib. 2015-ci ildə Ağdam Dövlət Sosial-İqtisad Kollecinə daxil olub, 2019-cu ildə təhsilini başa vurub.
2019-cu ilin iyulun 9-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrində xidmətə başlayıb.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığından qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Altun Məmmədov Azərbaycan Ordusunun əsgəri olaraq Vətən müharibəsində iştirak edib, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə yer alıb.
2 oktyabr 2020-ci il tarixində Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. 4 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Məmmədov Altun Nüsrət oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” (ölümündən sonra) orden və medalları ilə təltif edilib.
Nuray Əliyeva
