Vətən Müharibəsi Qəhrəmanı
Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçən igid oğullarımız tariximizin ən şanlı səhifələrini yazıblar. Onlardan biri də cəbhədə göstərdiyi igidlik və fədakarlıqla yaddaşlara həkk olunan Paşayev Abdulla Sultan oğludur.
Paşayev Abdulla Sultan oğlu 24 iyul 1998-ci ildə Gəncə şəhərində doğulub. 2015-ci ildə Gəncə şəhər “42 nömrəli tam orta məktəbi” bitirib. 2017-ci ildən təhsilini Gəncə Dövlət Regional Kollecinin “Bədən tərbiyəsi və idman” ixtisasında (əvvəlki Gəncə Texniki Kolleci) davam etdirib, 2019-cu ildə məzun olub.
24 iyul 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etməyə başlayıb.
27 sentyabr 2020-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığından qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Azərbaycan Ordusunun əsgəri olan Abdulla Paşayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşub, Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. 27 sentyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olub. 28 sentyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Paşayev Abdulla Sultan oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” (ölümündən sonra) medalları ilə təltif edilib.
Nuray Əliyeva
