Vətən Müharibəsi Qəhrəmanı
Vətən uğrunda canından keçən qəhrəmanlarımız Azərbaycanın müstəqillik və bütövlüyü yolunda yazılan ən şanlı tarixin müəllifləridir. Onlardan biri də gənc yaşında döyüş meydanında igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Hüseynov Röyan Sübhan oğludur. İdmanda qazandığı uğurları və vətənpərvərliyi ilə seçilən Röyan, Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşaraq torpaqlarımızın azadlığı naminə şəhid olub.
Hüseynov Röyan Sübhan oğlu 21 mart 2001-ci ildə Gədəbəy rayonunun Parakənd kəndində doğulub. 2007-ci ildə Gəncə şəhər N.Rəfibəyli adına 43 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2018-ci ildə həmin məktəbi bitirib.
Təhsil aldığı müddətdə cüdo idman növü ilə məşğul olub. O fərqli vaxtlarda Cüdo üzrə Respublika Turnirində 3-cü yerə layiq görülüb,şəhər birincisi olub. Gəncə İdman Klubunun üzvü idi.
2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətdə başlayıb.
27 sentyabr 2020-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığından qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Azərbaycan Ordusunun əsgəri olan Röyan Hüseynov torpaqlarımızın bütövlüyü uğrunda vuruşub, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə yer alıb.
9 oktyabr 2020-ci tarixində Xocavənd rayonu ərazisində gedən döyüşlərdə düşmən snapyerinin atəşi nəticəsində şəhid olub. 10 oktyabr 2020-ci tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Hüseynov Röyan Sübhan oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) medalları ilə təltif edilib.
Nuray Əliyeva
