Vətən Müharibəsi Qəhrəmanı
Bəzən gənc yaş bir ömrün yalnız başlanğıcı olur, amma göstərilən igidliklə o ömür əbədiləşir. Şəhid Elşad Mahmudov da elə bir gənc idi. O, Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalıb və geridə əziz xatirəsini qoyub gedən oğullarımızdan biri idi.
Mahmudov Elşad Suliddin oğlu 12 iyul 1997-ci ildə Gəncə şəhərində doğulub. 2014-cü ildə Gəncə şəhər 7 nömrəli tam orta məktəbi bitirib.
2014-cü ildə ADAU-nun “Mühasibat uçotu və audit” ixtisasına qəbul olub, 2018-ci ildə ali təhsilini başa vurub.
2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılıb, Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə xidmət edib.
27 sentyabr 2020-ci il tarixində Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq yenidən hərbi xidmətə çağrılıb. O, Füzuli, Cəbrayıl və Laçın rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
6 noyabr 2020-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 7 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Mahmudov Elşad Suliddin oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” (ölümündən sonra) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Laçının azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərinə görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2021-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunub.
Qeyd edək ki, Şəhid Elşad Mahmudov evin tək oğlu və subay idi. Ailə üzvləri və yaxınları onun xatirəsini həmişə əziz saxlayır.
Nuray Əliyeva
