Vətən Müharibəsi Qəhrəmanı
Azərbaycanın qəhrəman oğulları torpaqlarımızın azadlığı və xalqımızın təhlükəsizliyi uğrunda canlarını fəda edərək tarixə qızıl hərflərlə yazılıblar. Onların igidliyi və vətənpərvərliyi daim hörmət və minnətdarlıqla xatırlanır. Belə igidlərdən biri də Vətən müharibəsində böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Qasımov Nicat Elşan oğludur. Onun həyat yolu, Vətənə sədaqəti və döyüş meydanında göstərdiyi fədakarlıq gənclər üçün əsl qəhrəmanlıq nümunəsidir.
Qasımov Nicat Elşan oğlu 17 oktyabr 1991-ci ildə Gəncə şəhərində doğulub. 2007-ci ildə 33 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirib. 2007-2010-cu illərdə 1 nömrəli Peşə liseyində (indiki: Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) təhsil alıb.
2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrində xidmət edib. 2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağırılıb.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığından qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak edib, Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub.
2 oktyabr 2020-ci ildə Kəlbəcər rayonunun azad olunması uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. 4 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Qasımov Nicat Elşan oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” (ölümündən sonra) medalları ilə təltif olunub.
Nuray Əliyeva
