Vətən Müharibəsi Qəhrəmanı
Vətən uğrunda canından keçən hər bir şəhid xalqımız üçün qürur mənbəyidir. Onlardan biri də peşəsinə və Vətəninə sadiq qalan hərbi həkim Tariyel Salmanovdur. O, Vətən müharibəsi zamanı yaralı əsgərlərə yardım edərək həm həkimlik borcunu, həm də əsgər andını şərəflə yerinə yetirib. Onun qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaq.
Tariyel Salmanov 1988-ci il fevralın 7-də Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olub. 2005-2010-cu illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb.
Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Tariyel Salmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Tariyel Salmanov oktyabrın 8-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tariyel Salmanov (ölümündən sonra) “Vətən uğrunda” medalı, Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən (ölümündən sonra) “İgidliyə görə” medalı, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən (ölümündən sonra) “Füzulinin azad olunmasına görə” medalı, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən (ölümündən sonra) “Cəbrayılın azad olunmasına görə” medalı, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən (ölümündən sonra) III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Nuray Əliyeva
