Vətən Müharibəsi Qəhrəmanı
Azərbaycanın müstəqilliyi və torpaqlarının azadlığı uğrunda canından keçən igidlər xalqımızın qəhrəmanlıq salnaməsini yazıblar. Onların göstərdiyi fədakarlıq, döyüş ruhu və Vətənə sədaqət hər bir vətənpərvər gənc üçün örnəkdir. Belə igidlərdən biri də Vətən müharibəsində rəşadət göstərərək şəhidlik zirvəsinə ucalan Qafarov Zərbəli Vidadi oğludur. Onun Vətən uğrunda göstərdiyi igidlik və mərdlik Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün şücaət nümunəsinə çevriləcək.
Qafarov Zərbəli Vidadi oğlu 13 iyun 1990-cı ildə Gəncə şəhərində doğulub. 2006-cı ildə Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirib.
2008-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılıb, 2008-2010-cu illərdə xidməti borcunu Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində sıravi əsgər kimi yerinə yetirib. 2019-cu ildən Qafarov Zərbəli Vidadi oğlu MAHHX HQ kimi xidmət edib.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığından qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Zərbəli Qafarov “N” saylı hərbi hissənin əsgəri kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşub, Goranboy və Tərtər rayonları ərazisində gedən döyüşlərdə iştirak edib.
8 oktyabr 2020-ci ildə Ağdərə-Suqovuşan kəndləri istiqamətində gedən döyüşdə şəhid olub. 9 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qafarov Zərbəli Vidadi oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” (ölümündən sonra) medalı ilə təltif edilib.
Nuray Əliyeva
