Vətən Müharibəsi Qəhrəmanı
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gənclərimiz xalqımızın fəxarət mənbəyidir. Onlar arasında idman sahəsində qazandığı uğurlarla tanınan, eyni zamanda Vətən sevgisini hər şeydən üstün tutan İlqar Burcəliyev də var. O, futbol meydanlarından döyüş meydanına keçərək, qəhrəmanlıq nümunəsi göstərib və Vətənin azadlığı uğrunda canından keçərək xalqımızın yaddaşında əbədi iz qoyub.
Burcəliyev İlqar Vüqar oğlu 11 mart 2001-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində doğulub. 2007-2009-cu illərdə Xırdalan şəhərinin 2 nömrəli tam orta məktəbində, 2009-2016-cı illərdə Yasamal rayonunun Ə.Əhmədov adına 308 nömrəli tam orta məktəbində, 2016-2018-ci illərdə Gəncə şəhərinin 38 nömrəli tam orta məktəbində, 2018-ci ildə isə Yasamal rayonunun Ə.Əhmədov adına 308 nömrəli tam orta məktəbində təhsil alıb.
İlqar Burcəliyev 2014-2016-cı illərdə “Vətən” Futbol Klubunda, 2016-cı ildə “Kəpəz” PFK-da, 2016-cı ildən isə “Zirə” PFK-da çıxış edib. 2017-ci ildən 18 yaşlılardan ibarət Azərbaycan yığmasının heyətində çıxış edib.
İlqar Burcəliyev görkəmli teatr və kino xadimləri “Azərbaycan SSR xalq artistləri Məmməd Burcəliyevin və Sədayə Mustafayevanın” nəticəsidir.
Azərbaycan Ordusunun əsgəri olan İlqar Burcəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə vuruşub. 27 sentyabr 2020-ci il tarixində Tərtər rayonunun azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olub.
29 sentyabr 2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. İlqar Burcəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Laçının azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilib.
Nuray Əliyeva
