Vətən Müharibəsi Qəhrəmanı
Vətən müharibəsində canını fəda edən qəhrəmanlarımız unudulmaz tarix yazıblar. Onlardan biri də Murovdağ və Kəlbəcər uğrunda döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olan Məmmədov Kərimdir. O, Vətənə sədaqətlə xidmət edib və bu yolda şəhidlik zirvəsinə ucalıb.
Məmmədov Kərim Namil oğlu 5 aprel 1989-cu ildə Gəncə şəhərində doğulub. 1995-ci ildə Gəncə şəhəri 27 nömrəli məktəb-liseyin birinci sinfinə daxil olub, 2007-ci ildə həmin təhsil müəssisəsini bitirib.
2007-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətdə olub.
2012-ci ildən Azərbaycan Respublikası “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında” MAXE hərbi qulluqçu kimi xidmət etməyə başlayıb. Daxili Qoşunlarda müddətdən artıq hərbi qulluqçu kimi xidmətdə olarkən təhsilini davam etdirib, gizir rütbəsi alıb.
2016-cı ildə tarixə “4 günlük müharibə” kimi düşən Aprel döyüşlərində iştirak edib. Aprel döyüşlərindən sonra o Azərbaycan Ordusunda xidmət etmək qərarına gəlib və gizir rütbəsi üzrə təhsil alıb.
27 sentyabr 2020-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığından qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin giziri Kərim Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşub, Murovdağ zirvəsinin və Kəlbəcər rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
1 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 2 oktyabr 2020-ci tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Məmmədov Kərim Namil oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26.06.2008-ci il tarixli Sərəncamı ilə “90 illik yubiley medalı ” (sağlığında), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2022-ci il tarixli Sərəncamı ilə “Vətənə xidmətə görə” (ölümündən sonra) ordeni və medalları ilə təltif olunub.
Nuray Əliyeva
