00:00:00
Yazar
Admin User
22.10.2025 12:07 229 2 dəq oxuma
Mədəniyyət

Vətən Müharibəsi Qəhrəmanı

Vətən Müharibəsi Qəhrəmanı

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canından keçən igidlərimizin hər biri tariximizin şanlı səhifələrinə çevrilib. Onlardan biri də vətəninə sədaqəti, cəsarəti və fədakarlığı ilə seçilən kapitan Hikmət Hacıyevdir. O, Vətən müharibəsində ön cəbhədə döyüşərək, həm silahdaşlarını qoruyub, həm də şəhidlik zirvəsinə ucalaraq xalqımızın yaddaşında qəhrəman kimi qalıb.


Hikmət Hacıyev 7 dekabr 1984-cü ildə Şəmkir şəhərində dünyaya göz açıb. Əslən Göyçə mahalının Nərimanlı kəndindən idi. Orta təhsilini doğulduğu şəhərdə alan Hikmət 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

 

2006-cı ildə leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. 3 il Füzulidə xidmət edib. 2014-cü ildə kapitan rütbəsi alıb. Azərbaycan Ordusunun kapitanı olan Hikmət Hacıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələrindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. 2 oktyabr tarixində Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə döyüş yoldaşlarını xilas edərkən yaralanıb və reanimasiyaya yerləşdirilib. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi xəbərini eşitdikdən sonra şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən kapitan Hikmət Hacıyev (ölümündən sonra) “Vətən uğrunda” medalı, Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən (ölümündən sonra) “Füzulinin azad olunmasına görə” medalı, Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən (ölümündən sonra) “İgidliyə görə” medalı, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən kapitan (ölümündən sonra) III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər