Vətən müharibəsi qəhrəmanı
"İnformator.az" xəbər verir ki, Elməddin Məhəmməd oğlu Mustafayev 1 may 2001-ci ildə Qəbələdə dünyaya gəlir. Dağların kölgəsində böyüyən uşağın gözlərində həmişə bir işıq parlayır böyük arzular, qorxmazlıq və iradə dolu bir gənc yetişir. Kiçik addımları ilə məktəb koridorlarını doldurur, hər gülüşü dərslərə və həyatda olan hər şeyə rəng qatır. 2016-cı ildən Peşə məktəbində aşpazlıq öyrənir, hər yeməyə bir parça sevgi qatır, öyrəndikcə həyatın dadını daha dərindən hiss edir.
2019-cu ilin iyulunda hərbi xidmət üçün yola çıxır. Beyləqandan başlayan yol, Ağcabədidə davam edir və sonda Füzuli istiqamətinə çatır. Qəlbi qorxmadan, addımları möhkəm, ürəyi vətən sevgisi ilə dolu olaraq döyüşlərdə ön xətdə dayanır. 27 sentyabr 2020-ci ildən başlayan Vətən müharibəsi onu sınağa çəkir, amma Elməddin qorxmur, iradəsini və cəsarətini hər addımda göstərir. 10 oktyabr 2020-ci ildə, hərbi xidmətinin sonuna iki aya yaxın vaxt qalmasına baxmayaraq, Elməddin qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Ölümündən sonra ona “Vətən uğrunda”, “Füzulinin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Cəsur döyüşçü” və “Şuşa uğrunda” medalları ilə təltif olunur.
Elməddin ailənin tək oğlu, anasının nəfəsi, bacısının dayağı olur. Hərbi xidmətə çağırış günü özü komissarlığa gedib “məni aparın” deyərək qətiyyətini göstərir. Atasına söz verir: “Qayıdım, sən işləməyəcəksən, mən sənə baxacağam". Bu sözlər anasının ürəyində həm fəxr, həm də nigaranlıq doğurur.
Müharibənin ilk günlərindən döyüşlərdə iştirak edir, amma evdə sirr saxlayır. Anasının ürəyi isə oğlunu hər zaman hiss edir, nigaran bir sevgi ilə onu izləyir. Oktyabrın 1-i oğluna pasılka göndərir və həmin gecə bir yuxu görür: Elməddin göl kənarından gülümsəyərək gəlir, bahar kimi ətrafa işıq saçır. Qollarını açır, anasına sarılır, qucaqlayır. Ana “öpmə, oğlum, bu ayrılıq işarəsidir” deyir. Elməddin isə qucaqlayır, ürəyinin üstünə əlini qoyur və deyir: “Ana, sən mənə pasılka göndərdin, məni buradan vurdular". Üç gün ailəyə xəbər çatır ki, elə məhz oktyabrın 1-i Elməddin ürəyindən aldığı güllə ilə şəhidlik zirvəsinə qalxıb.
Qəhrəmanın anası fəxrlə söyləyir:
“Oğlum həmişə deyirdi ki, bu rayonda ad qoyacaq, mənimlə fəxr edəcəksiniz. Mən isə idman uğurlarına yozurdum. Ağlıma belə gəlmirdi ki, adı şəhidliklə ucalacaq".
Elməddin son danışığında da anasına deyir:
“Narahat olma, ana, hər şey Allahın qismətidir. Mən sənə yenə zəng edəcəm". O zəng gəlmir, amma onun qəhrəmanlığı, iradəsi və sevgisi hər zaman yaşayır. Hər nəfəsdə, hər baxışda, hər ürək döyüntüsündə Elməddinin izləri qalır.
Nigar Həsənzadə
