00:00:00
Yazar
Admin User
28.10.2025 19:02 137 2 dəq oxuma
Mədəniyyət

Vətən Müharibəsi Qəhrəmanı

Vətən Müharibəsi Qəhrəmanı

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən igidlərimizin hər biri xalqımızın qəhrəmanlıq simvoluna çevrilib. Onların şücaəti, vətən sevgisi və qətiyyəti bu torpaqlarda yaşayan hər bir insan üçün qürur mənbəyidir. Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Cəfərov Mirmuraz Mirbaba oğlu da belə igid oğullardandır. O, vətəninə olan sonsuz sevgisini döyüş meydanında göstərərək, Azərbaycanın tarixinə adını qızıl hərflərlə yazdırıb.


Cəfərov Mirmuraz Mirbaba oğlu 26 may 1997-ci ildə Gəncə şəhərində doğulub. 2003-cü ildə C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2011-ci ildə təhsilini başa vurub.2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirib. 2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılıb.

 

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığından qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak edib. O, Tovuz rayonu istiqamətindəki, daha sonra isə Füzuli, Qubadlı, Zəngilan rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.


26 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. 27 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Cəfərov Mirmuraz Mirbaba oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilib.


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər