00:00:00
Yazar
Admin User
10.12.2025 17:46 132 3 dəq oxuma
Sosial

“Əvvəl özünü xoşbəxt et, sonra başqalarını"

“Əvvəl özünü xoşbəxt et, sonra başqalarını"

Həyatın sürətli axarında insanlar tez-tez başqalarını sevindirməyə çalışır. Amma çox vaxt unuduruq ki, başqalarına verdiyimiz sevgi və diqqət, əgər əvvəlcə öz daxili ehtiyaclarımızı, ruhumuzu və qəlbimizi doldurmamışıqsa, tamamlanan sayılmır. 

 

Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində psixoloq Zeynəb Əyyubova bildirib ki, "Əvvəl özünü xoşbəxt et, sonra başqalarını”-bu fikir onun psixoloji yanaşmasının əsasını təşkil edir:

 

“Çünki insan öz daxilində balansda və rahat olmadıqca, başqalarına sağlam sevgi, dəstək və diqqət göstərə bilmir. Bizdə çox zaman özünü unudub başqaları üçün yaşamaq qəhrəmanlıq kimi təqdim olunur, amma əslində bu, insanı tükəndirən bir davranış modelidir. Öz ehtiyaclarını görməyən, duyğularını gizlədən, özünü ikinci plana atan insan zamanla emosional boşluğa düşür və nə özünə, nə də ətrafına xeyir verə bilir. Özünü xoşbəxt etmək çox vaxt böyük addımlar tələb etmir. Hər şey insanın özünü tanıması ilə başlayır: nə istəyirəm, nədən yoruluram, nəyə həssasam? Daha sonra sərhədlər müəyyən edilməli, “yox” demək bacarığı formalaşmalıdır. Şəxsi zamanını qorumaq, özünə kiçik yaxşılıqlar etmək, toksik münasibətlərdən uzaq durmaq, hiss etdiyini hiss etməyə icazə vermək bütün bunlar özünə qayğının əsas elementləridir. Xoşbəxtlik insanın xaricində deyil, daxili sabitliyində yerləşir. Bəziləri özünü düşünməyi eqoizm kimi qiymətləndirir, lakin bu tamamilə yanlışdır. Eqoizm başqalarının hüquqlarını pozaraq yalnız özünü düşünməkdir. Özünə qayğı isə əksinə, daha sağlam münasibətlər yaradır. İnsan özünü yaxşı hiss edəndə, ətrafına da daha çox sevgi, işıq və anlayış verə bilir. Özünə dəyər verən insan asılı münasibətlərə girmir, kiminsə sevgisinə möhtaclıq hiss etmir, həddi aşan davranışlara göz yummur, daha aydın sərhədlər qoyur və qarşı tərəfi də öz xoşbəxtliyinə aparan şərait yaradır. Bu söz mənim üçün yalnız psixoloji prinsip deyil, həm də şəxsi həyat təcrübəmlə formalaşmış bir həqiqətdir. Mən bunu nə kitabdan götürmüşəm, nə də kimdənsə eşitmişəm. Həyatımda və mənə müraciət edən yüzlərlə insanda gördüyüm bir reallıqdır ki, insan özünü sevməyə başlayanda, onun seçimləri, münasibətləri, qərarları və ümumilikdə həyat keyfiyyəti dəyişir. Hər kəsin xoşbəxt etməli olduğu bir “öz mən”i var. İnsan özünü unutduqca həm ruhu yorulur, həm enerjisi azalır, həm də həyatla bağlantısı zəifləyir. Özünüzü ikinci plana atmayın. Sizin xoşbəxtliyiniz ətrafınızdakı hər şeyə təsir edir. Özünüzə yaxşı yanaşmaq həm öz həyatınıza, həm də ətrafınızdakı insanların həyatına qoyduğunuz ən sağlam sərmayədir.İnsanın öz daxili xoşbəxtliyi olmadığı halda başqasını xoşbəxt etməyə çalışması, əslində, emosional tükənməyə aparan sağlam olmayan bir davranış modelidir. Belə insan sanki boş bir qabdan su tökməyə çalışır özü dolu olmadığı üçün verdiyi sevgi, diqqət və dəstək də davamlı olmur. Bu zaman qarşı tərəfi xoşbəxt etmək artıq sevgi deyil, öz dəyərini sübut etmə cəhdinə çevrilir. İnsanda özünü doğrultmaq, qəbul edilmək, sevilmək ehtiyacı yaranır və bu ehtiyac münasibətləri həm gərginləşdirir, həm də asılılıq yaradır. Nəticədə insan yorulur, özünü qiymətsiz hiss edir və əvəzində gözlədiyi sevgini ala bilmədikdə daxili boşluq daha da dərinləşir, amma insan əvvəl öz xoşbəxtliyini tapdıqda vəziyyət tam fərqli olur. Daxili harmoniyası olan insan başqasını xoşbəxt etməyə məcburiyyət kimi deyil, paylaşmaq istəyi ilə yanaşır. O, öz enerjisini itirmir, əksinə, verdikcə daha da zənginləşir. Bu zaman münasibətlər asılılıqdan deyil, iki balanslı insanın qarşılıqlı dəstəyindən ibarət olur. Həm sevgi daha sağlam olur, həm sərhədlər daha aydın, həm də davranış daha səmimi və təbii görünür. Özünü xoşbəxt edən insan başqasını xoşbəxt etmək üçün özünü qurban vermir, özünü tamamlamır, özünü unutmur. O, artıq doludur paylaşdığı isə ehtiyacdan yox, bolluqdan gəlir. Bu isə həm münasibətlərdə, həm dostluqda, həm valideyn-övlad əlaqələrində daha sakit, güvənli və davamlı bir bağ yaradır”.

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər