WhatsApp-da saxta kampaniyalar: Kiberdələduzlar vətəndaşları necə aldadır?
Rəqəmsal mühitdə, xüsusilə də WhatsApp platformasında vətəndaşları hədəf alan kiberdələduzluq halları və saxta kampaniyalar geniş yayılıb. Tanınmış şirkətlərin və dövlət qurumlarının adından göndərilən hədiyyə, kupon və pul mükafatı vədləri istifadəçilərin şəxsi və bank məlumatlarının ələ keçirilməsinə hesablanıb. Bəs vətəndaşlar bu cür saxta kampaniyaları necə müəyyən edə və kiberdələduzluqdan necə qoruna bilərlər?
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında kibertəhlükəsizlik üzrə ekspert Fərid Əmirov bildirib ki, kiberdələduzlar insanların etibarından və diqqətsizliyindən istifadə edərək müxtəlif manipulyasiya üsullarına əl atırlar.
Ekspertin sözlərinə görə, xüsusilə bayram günlərində və müxtəlif əlamətdar tarixlərdə dövlət qurumlarının, bankların və tanınmış ticarət şəbəkələrinin adından saxta kampaniyalar təşkil olunur. Vətəndaşlara pul mükafatı, hədiyyə və ya endirim kuponu qazandıqları bildirilir və bunun üçün onlardan göndərilən keçidə daxil olmaları tələb edilir. Belə keçidlər vasitəsilə istifadəçilərin bank kartı məlumatları, şəxsi hesabları və digər məxfi məlumatları ələ keçirilə bilər.
Fərid Əmirov qeyd edib ki, bu cür mesajların əsas təhlükəsi onların ilk baxışdan inandırıcı görünməsidir. Saxta keçidlər bəzən rəsmi internet səhifələrini xatırladan adlarla hazırlanır. Bununla yanaşı, mesajlarda tələskənlik yaradılması, qısa müddət ərzində mükafat əldə etmək vədi və naməlum nömrələrdən göndərilən bildirişlər şübhə doğurmalıdır.
Ekspert vurğulayıb ki, vətəndaşlar tanımadıqları şəxslərdən gələn keçidlərə daxil olmamalı, bank kartlarının məlumatlarını, təsdiq kodlarını və şifrələrini heç kimlə paylaşmamalıdırlar. WhatsApp hesabında iki mərhələli təsdiqləmənin aktivləşdirilməsi, naməlum cihazlardan açılmış sessiyaların yoxlanılması və şübhəli nömrələrin bloklanması da təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.
Fərid Əmirovun fikrincə, kiberdələduzluqla mübarizədə yalnız texniki təhlükəsizlik tədbirləri kifayət etmir. Əhalinin rəqəmsal savadlılığının artırılması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi və saxta internet səhifələrinin vaxtında aşkarlanaraq bloklanması da vacibdir. Əgər vətəndaş şübhəli keçidə daxil olub və bank məlumatlarını paylaşaraqsa, dərhal bankı ilə əlaqə saxlamalı, kartın bloklanmasını tələb etməli və müvafiq qurumlara müraciət etməlidir.
Süsən Mərdalıqızı