00:00:00
Yazar
Admin User
19.11.2025 17:11 126 2 dəq oxuma
Maraqlı

WhatsApp iOS-da multihesab dövrü: Yeni funksiyanın üstünlükləri və təhlükəsizlik sualları

WhatsApp iOS-da multihesab dövrü: Yeni funksiyanın üstünlükləri və təhlükəsizlik sualları

WhatsApp iOS istifadəçiləri üçün təqdim etdiyi son beta versiyada “multihesab dəstəyi” funksiyasını sınaqdan keçirməyə başlayıb. Bu yenilik istifadəçilərə gizlilik parametrlərinə toxunmadan və mövcud söhbət tarixçəsini pozmadan eyni tətbiq daxilində bir neçə hesabı idarə etmək imkanı yaradır. Beta iştirakçıları artıq parametrlər menyusuna “hesab siyahısı” adlı yeni bölmənin əlavə edildiyini bildiriblər. 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında azərbaycanlı iş adamı, İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, WhatsApp-ın iOS platformasında multihesab funksiyasını aktiv şəkildə sınaqdan keçirməsi həm istifadəçi davranışlarına, həm də platformanın rəqabət strategiyasına uyğun bir addımdır:

 

“Xüsusilə bir cihazda həm şəxsi, həm də iş hesabından istifadə edənlərin sayı artdığı üçün bu yenilik uzun müddətdir mövcud olan ehtiyacı qarşılayır. İstifadəçinin mövcud söhbət tarixçəsinə müdaxilə olunmaması və yeni hesabın ayrıca idarə edilməsi tətbiqdaxili çevikliyi artırır, eyni zamanda gündəlik kommunikasiya yükünü daha səliqəli bölməyə imkan yaradır. Multihesab funksiyası istifadədə rahatlıq versə də, gizlilik məsələlərini də diqqətdə saxlamalıyıq. Bir cihazda bir neçə hesabın paralel işləməsi o deməkdir ki, təhlükəsizlik parametrlərinin düzgün qurulmaması məlumatların qarışmasına və ya yanlış hesabdan mesaj göndərilməsi kimi risklərə səbəb ola bilər. Digər tərəfdən, cihazın ümumi təhlükəsizlik səviyyəsi zəifdirsə, hücum zamanı birdən çox hesabın komprometasiya olunması ehtimalı da artır. Bu səbəbdən WhatsApp-ın lokal təhlükəsizlik tədbirlərini gücləndirməsi və istifadəçilərin ayırd edilmiş bildiriş, biometrik giriş və profil mühafizəsi kimi imkanlardan aktiv istifadə etməsi vacibdir. Bu addımın rəqabət müstəvisində qiymətləndirilməsi göstərir ki, WhatsApp xüsusilə Telegram və digər mesajlaşma platformalarının fleksibil hesab idarəçiliyi funksiyalarına cavab olaraq öz ekosistemini genişləndirir. Telegram və bir çox alternativ tətbiqlərdə multihesab uzun müddətdir standart funksiyadır və istifadəçilər bu rahatlığı artıq adi hal kimi qəbul ediblər. WhatsApp-ın bu istiqamətdə addım atması həm istifadəçi itkisini önləmək, həm də işgüzar kommunikasiya seqmentində mövqeyini gücləndirmək məqsədi daşıyır. Ümumilikdə, bu yenilik WhatsApp-ın daha çevik və rəqabətədavamlı platformaya çevrilməsi istiqamətində mühüm bir mərhələdir”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər