World Urban Forum 13 zamanı Bakıda nəqliyyat sistemi necə idarə olunacaq?
Bakıda keçiriləcək World Urban Forum 13 çərçivəsində şəhərdə nəqliyyatın tənzimlənməsi və ictimai nəqliyyatın fəaliyyəti əsas müzakirə mövzularındandır. Forum müddətində tətbiq olunan dəyişikliklərin şəhər sakinlərinə və nəqliyyat axınına təsiri diqqət mərkəzindədir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev “İnformator.az” a açıqlamasında bildirib ki,bu cür beynəlxalq tədbirlər müvəqqəti çətinlik yaratsa da, ölkənin nüfuzu və inkişafı üçün böyük əhəmiyyət daşıyır:
“Ümumiyyətlə, qeyd etməliyik ki, belə möhtəşəm beynəlxalq tədbirlərin keçirilməsi həm ölkənin tanınmasına, dünya səviyyəsində reytinqinin artmasına, həm də turizm potensialının genişlənməsinə çox ciddi müsbət təsir göstərir. Yəni müəyyən qədər sıxlıq və çətinlik yaransa da, bunlar müvəqqəti xarakter daşıyır. Nəticədə isə çox böyük və önəmli nəticələr əldə etmiş oluruq. Buna görə də bir qədər səbirli və anlayışlı olmaq lazımdır. Hər halda, bu müvəqqəti çətinlik dövründə ictimai nəqliyyatın işinin təşkil olunması istiqamətində də addımlar atılıb. Alternativ həllər tətbiq olunur, bəzi təhsil müəssisələri onlayn rejimə keçib ki, sıxlıq müəyyən qədər azalsın. Eyni zamanda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilib və digər tənzimləmələr həyata keçirilib. Bu səbəbdən, tədbirlərin keçirilməsi zamanı müəyyən çətinliklər yaşansa da, bunun ölkəmizə, xalqımıza və ümumilikdə dövlətimizin beynəlxalq imicinə çox böyük töhfəsi olur. Ona görə də bu prosesə anlayışla yanaşıb bir qədər səbir göstərmək daha məqsədəuyğundur. Əvvəlki böyük tədbirlər zamanı da bunu görmüşük , istər 2015 European Games, istərsə də digər beynəlxalq tədbirlər dövründə müəyyən müvəqqəti çətinliklər yaşansa da, nəticədə ölkə üçün mühüm üstünlüklər əldə olunub. İctimai nəqliyyat sistemi də mərhələli şəkildə daha da təkmilləşdirilir. Hazırda yeni avtobuslar alınır, yeni avtobus zolaqları yaradılır, metro infrastrukturu genişləndirilir, həmçinin yeni tramvay xətlərinin çəkilməsi nəzərdə tutulur. Bütün bunlar zamanla öz nəticəsini verəcək və şəhərdə nəqliyyatın daha rahat və səmərəli təşkilinə şərait yaradacaq”.
Arzu Poladova