00:00:00
Yazar
Zəhra Həsənova
18.05.2026 22:05 16 4 dəq oxuma
Sosial

WUF 13 könüllülük dalğası: Minlərlə gənc qlobal şəhər forumunda yer almaq uğrunda yarışıb

WUF 13 könüllülük dalğası: Minlərlə gənc qlobal şəhər forumunda yer almaq uğrunda yarışıb

Bakıda keçirilən WUF 13 beynəlxalq tədbiri çərçivəsində könüllülük proqramına böyük maraq göstərilib və minlərlə gənc qeydiyyatdan keçərək təşkilati proseslərdə iştirak etmək üçün müraciət edib. Seçilmiş könüllülər forumun keçirilməsində müxtəlif istiqamətlərdə - qonaqların qarşılanması, məlumatlandırma, texniki dəstək və logistika işlərində fəaliyyət göstəriblər. Rəsmi qurumların məlumatına görə, bu yüksək iştirak göstəricisi gənclərin beynəlxalq tədbirlərdə fəal rol almağa və şəhərsalma kimi qlobal mövzulara marağının artdığını göstərir.

 

Mövzu ilə bağlı WUF 13 könüllüsü Leyla Nəcəfova “İnformator.az”a açıqlamasında bildirib ki, WUF13 könüllülük proqramına yeni qoşulmasına baxmayaraq, artıq maraqlı və faydalı təcrübə qazanıb:

 

“Burada fərqli insanlarla tanış olmaq, komanda şəklində çalışmaq və beynəlxalq tədbirin bir parçası olmaq mənim üçün çox motivasiyaedicidir. İlk gündən həm təşkilatçılıq, həm də ünsiyyət bacarıqlarımın inkişaf etdiyini hiss edirəm”.

 

O qeyd edib ki, hazırlıq prosesində ən maraqlı məqamlardan biri müxtəlif ölkələrdən olan iştirakçılarla ünsiyyət qurmaq və tədbirin təşkilatçılıq prosesini yaxından izləməkdir:

 

“Ən çətin tərəfi isə məsuliyyətli və diqqətli olmaqdır. Çünki belə böyük beynəlxalq tədbirlərdə hər detal önəmlidir və biz də üzərimizə düşən işi düzgün şəkildə yerinə yetirməyə çalışırıq”.

 

Məsələ ilə bağlı Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı “İnformator.az”a açıqlamasında bildirib ki, beynəlxalq tədbirlərdə gənclərin könüllü kimi iştirakı onların sosial-ictimai həyata inteqrasiyası, beynəlxalq təcrübə qazanması və dünya görüşünün genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Belə tədbirlər gənclərin həm şəxsi inkişafına, həm də gələcək karyerasına müsbət təsir göstərir:

 

“Beynəlxalq tədbirlər zamanı gənclər dünyanın müxtəlif ölkələrindən gələn insanlarla ünsiyyət qurur, yeni əlaqələr yaradır, fərqli mədəniyyətlərlə tanış olur və müxtəlif praktiki bacarıqlar əldə edirlər. Belə tədbirlərdə gənclər həm təşkilatçılıq sahəsində təcrübə qazanır, həm də sosial münasibətlər quraraq gələcək təhsil və iş imkanları üçün yeni perspektivlər əldə edirlər. Könüllülük fəaliyyəti gənclərin vaxtlarını səmərəli keçirməsinə, onların bilik və bacarıqlarını faydalı istiqamətə yönəltməsinə şərait yaradır. Lazımsız və zərərli fəaliyyətlərlə məşğul olmaq əvəzinə, belə əhəmiyyətli işlərdə iştirak edərək həm ölkəyə fayda verir, həm də gələcək karyeraları üçün mühüm təcrübə qazanırlar. Bu təcrübə gələcəkdə dövlət qurumlarında və digər şirkətlərdə işləmək baxımından da üstünlük hesab olunur. Çünki könüllü fəaliyyətində iştirak edən gənclər məsuliyyət, ünsiyyət və təşkilatçılıq bacarıqları qazanırlar. Könüllülük mədəniyyəti bütün inkişaf etmiş cəmiyyətlərdə geniş yayılıb və son dövrlər Azərbaycanda da inkişaf etməyə başlayıb. Sosial layihələrdə, ictimai işlərdə və beynəlxalq tədbirlərdə könüllü iştirak bir gəncin öz ölkəsinə və cəmiyyətinə təmənnasız xidmət göstərməsi kimi mənəvi baxımdan da yüksək qiymətləndirilir. Burada maddi maraq yoxdur. Gənclər öz enerjisini, vaxtını, əməyini və biliyini könüllü şəkildə faydalı işlərə sərf edirlər. Bu isə onların mənəvi inkişafını gücləndirir, yeni bilik və bacarıqlar formalaşdırır. Belə tədbirlər zamanı müxtəlif mədəniyyətlərin nümayəndələri ilə ünsiyyət qurulur, çıxışlar və tədbirlər vasitəsilə gənclərin dünya görüşü daha da artır. Hər baxımdan bu tendensiya gənclərin gələcək həyatına müsbət təsir göstərir. Hazırda isə bu fəaliyyət ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə təmənnasız dəstək kimi qiymətləndirilir.
Bu cür tədbirlər gələcək nəslin inkişafı, onların bilik, savad və bacarıqlarının artması üçün yaxşı fürsətdir. Vicdanlı və fəal gənclərin könüllülük əsasında iştirak etməsi həm onların özləri, həm də ölkəmiz üçün olduqca faydalıdır”.

 

Elçin Bayramlı əlavə edib ki, könüllülük fəaliyyəti yalnız beynəlxalq tədbirlərlə məhdudlaşmamalıdır. Digər ölkələrdə olduğu kimi Azərbaycanda da qeyri-hökumət təşkilatları və ictimai layihələr çərçivəsində könüllülük fəaliyyətinin daha da genişləndirilməsinə ehtiyac var:

 

“Xarici ölkələrdə minlərlə gənc ictimai layihələrə könüllü şəkildə qoşularaq ölkəsi üçün faydalı işlər görür. Bizdə də bu ənənənin inkişaf etdirilməsi vacibdir. Ağacəkmə aksiyaları, sosial layihələr və ictimai təşəbbüslər kimi fəaliyyətlərdə gənclərin könüllü iştirakı cəmiyyət üçün faydalı olmaqla yanaşı, onların vətənpərvərlik və sosial məsuliyyət hissinin formalaşmasına da töhfə verir. Elə tədbirlər gənclərdə həm sosial məsuliyyət hissini gücləndirir, həm də onların dünya görüşünü, bilik və bacarıqlarını artırır. Bu, gələcək nəslin inkişafı üçün mühüm fürsətdir. Beynəlxalq tədbirlərlə yanaşı, ölkədaxili layihələrdə, ictimai aksiyalarda və sosial təşəbbüslərdə də gənclərin könüllü iştirakı vacibdir. Bu mədəniyyətin formalaşması ölkəyə və cəmiyyətə yalnız fayda verir”.

Fatimə Hüseynli

#şəhər #uğrunda #yarışıb #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər