“WUF13-dən sonra real urbanistik nəticələr olmalıdır” - Anar Əliyev
Bakıda start götürən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının ilk günü geridə qalıb. Müasir urbanizasiya çağırışlarının diqqət mərkəzində olduğu tədbirin açılış günündə, dayanıqlı və müasir şəhər mühitinin formalaşdırılması istiqamətində mühüm məsələlər ətrafında müzakirələr aparılıb.
Mövzu ilə bağlı urbanist Anar Əliyev "İnformator.az"a açıqlamasında WUF-13 kimi beynəlxalq tədbirlərin Bakıda keçirilməsinin şəhərsalma və urbanistika sahəsində qlobal təcrübələrin müzakirəsi baxımından vacib olduğunu bildirib:
"Bu cür forumların real nəticəsi konkret urbanistik islahatlarla müşahidə olunmalıdır. Xüsusilə də piyadayönümlü layihələrin icrası burada əsas prioritetlərdən biri olmalıdır. Müasir şəhərsalma prinsiplərinə görə, şəhərdə ən yüksək prioritet piyadaya verilməlidir. Bu gün Bakının bəzi küçələrində piyadalaşdırma layihələri həyata keçirilsə də, hələ də fundamental problemlər qalmaqdadır. Bir çox küçələrdə keyfiyyətli piyada səkiləri yoxdur, təhlükəsiz piyada keçidlərinin sayı kifayət deyil. Yeraltı və yerüstü keçidlərin əksəriyyəti isə azmobilli insanlar üçün əlçatan deyil. Hesab edirəm ki, məhz bu məsələlərə daha çox diqqət ayrılması vacibdir”.
Günel Əlili