00:00:00
Yazar
Ayan Sədi
20.04.2026 16:13 25 2 dəq oxuma
Sosial

WUF13: Qlobal mənzil böhranı müzakirə olunacaq

WUF13: Qlobal mənzil böhranı müzakirə olunacaq

 

 

Rəqəmsal və iqtisadi transformasiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə mənzil məsələsi qlobal miqyasda ən aktual problemlərdən birinə çevrilib. Sürətli urbanizasiya, əhalinin artımı və daşınmaz əmlak bazarında qiymətlərin yüksəlməsi yaşayış sahələrinin əlçatanlığını getdikcə daha da çətinləşdirir. Bu kontekstdə beynəlxalq platformalarda aparılan müzakirələr və təcrübə mübadiləsi xüsusi əhəmiyyət daşıyır.

 

Statistik məlumatlara görə, hazırda dünyada bir milyarddan çox insanın yaşayış şəraiti yaxşı deyil. Şəhərlərə artan axın, demoqrafik təzyiq və qiymətlərin yüksəlməsi mövcud infrastruktur üzərində ciddi yük formalaşdırır.

 

Mayın 17-dən 22-dək Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu – WUF13-də inklüziv və dayanıqlı şəhər inkişafı sahəsində təcrübə mübadiləsi və praktiki həll yolları axtarılacaq. Forumda əsas diqqət sürətli urbanizasiya, mənzil çatışmazlığı və əlçatan yaşayış sahələrinə artan tələbat kimi qlobal problemlərə yönələcək.

 

İqtisadçı Rəşad Həsənov "İnformator.az"a açıqlamasında bildirib ki, son onilliklərdə qlobal iqtisadi proseslər və sosial faktorlar mənzil əlçatanlığı sahəsində ciddi çətinliklər yaradıb:

 

“Qlobal iqtisadi böhranlar, mərkəzi bankların siyasətləri, aşağı faizli kreditlər və sürətli urbanizasiya bir çox ölkələrdə, o cümlədən Azərbaycanda mənzil qiymətlərinin artmasına və əlçatanlığın azalmasına səbəb olub. Əhalinin sürətli artımı və ailə strukturlarının dəyişməsi də bu tələbi daha da gücləndirir”.

 

Ekspert qeyd edib ki, Azərbaycanda vəziyyət əlavə faktorlarla daha da mürəkkəbləşir. Onun sözlərinə görə, ölkədə adambaşına düşən yaşayış sahəsi dünya ortalamasından aşağıdır və bu, bazarda əlavə tələb təzyiqi yaradır. Eyni zamanda, sosial və mədəni amillər səbəbindən əhalinin böyük hissəsi mənzil sahibi olmağa üstünlük verir.

 

Rəşad Həsənov həmçinin vurğulayıb ki, son onilliklərdə iqtisadi fəaliyyətin əsasən Bakı və Abşeron yarımadasında cəmləşməsi regionlardan paytaxta miqrasiyanı artırıb. Bu isə həm infrastruktur çatışmazlığına, həm də mənzil bazarında qiymət artımına səbəb olub.

 

“İl ərzində ölkədə təxminən 60-70 min yeni ailə qurulur, lakin daşınmaz əmlak bazarında satışlar 30 min ətrafında qalır. Bu fərq bazarda ciddi tələb artımı yaradır və qiymətləri yüksəldir”, – deyə o əlavə edib.

 

Ekspertin fikrincə, tikinti sektorunda yerli istehsalın təşviqi və idxaldan asılılığın azaldılması qiymətlərin optimallaşdırılmasına kömək edə bilər. O bildirib ki, son dövrlərdə tikinti materiallarının qiymətlərində əhəmiyyətli artım müşahidə olunur ki, bu da mənzil bazarına birbaşa təsir göstərir.

 

Rəşad Həsənov məcburi köçkünlərin sayının ölkədə mənzilə olan tələbi artıran əsas amillərdən biri adlandırıb. Onu da əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri bu yükün müəyyən qədər azalmasına töhfə verə bilər.

 

Yekun olaraq qeyd edək ki, mənzil əlçatanlığı problemi həm qlobal, həm də yerli səviyyədə kompleks yanaşma tələb edir. Dövlət siyasəti, iqtisadi islahatlar və urbanizasiya strategiyalarının düzgün qurulması bu sahədə əsas həll yolları hesab olunur.

 

Aişə Mustafayeva

 

 

#olunacaq #böhranı #gündəm #mənzil
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər