00:00:00
Yazar
Elmira Ağayeva
27.08.2026 20:46 163 4 dəq oxuma
Maraqlı

Xəyal gücünün ekrandakı sehrli əksi: Ən çox izlənilən və sevilən animasiyalar

Xəyal gücünün ekrandakı sehrli əksi: Ən çox izlənilən və sevilən animasiyalar


Uşaqlığımızın ən sehrli xatirələrindən başlayan, böyüdükdə isə bizə fərqli həyat həqiqətlərini xatırladan bir dünya var: animasiya dünyası. Çox vaxt sadəcə "cizgi filmi" dediyimiz bu sənət növü, əslində kinematoqrafiyanın özünəməxsus xəyal gücü tələb edən maraqlı sahələrindən biridir.

Bəs animasiya nədir və onu adi filmlərdən fərqləndirən əsas məqam hansıdır? 

Animasiya - durğun təsvirlərin, rəsmlərin və ya üçölçülü obyektlərin kadrarxası sürətli hərəkəti nəticəsində yaranan canlı illüziyadır. Adi filmdə rejissor canlı aktyorları, real məkanları və təbiət hadisələrini kameraya çəkir. Animasiyada isə hər şey sıfırdan yaradılır. Burada fizika qanunları, obrazların görünüşü və məkandakı işıq kompyuter qrafikası ilə kadr-kadr dizayn olunur. Reallığın çərçivələrini aşmaq və geniş xəyal gücünü ekrana gətirmək məhz animasiya sənəti sayəsində mümkündür.
İllər ərzində ekranlara gələn bəzi ekran əsərləri var ki, onlar təkcə uşaqların deyil, həm də böyüklərin diqqətini çəkməyi bacarıb. İzləyərkən həm güldürən, həm düşündürən, həm də təsirləndirən ən sevilən animasiya filmlərini bir araya topladıq.

 


 

Buzlar diyarı ("Frozen")

İlk filmi 2013-cü ildə təqdim olunan ABŞ istehsalı bu animasiya bir neçə nüfuzlu mükafata layiq görülüb. Əsər iki ana tammetrajlı filmdən (2013 və 2019) və qısa metrajlı layihələrdən ibarətdir, ümumilikdə üç hissəli bir kainatı əhatə edir. Süjetin mərkəzində buz sehrinə malik olan Elsa və onun fədakar bacısı Anna dayanır. Animasiya bacılıq sevgisi, daxili qorxulara qalib gəlmək və özünü kəşf etmək mövzusunu ələ alır.

Tərs üzünə ("Inside Out")

2015-ci ildən istehsal olunan və iki hissədən ibarət olan bu animasiya psixoloji mövzusu ilə diqqət çəkir. Əsərdə gənc bir qızın beynindəki emosiyalar - Şadlıq, Qəm, Qorxu, Nifrət və Qəzəb ayrı-ayrı obrazlar olaraq canlandırılır. Süjet insan hisslərinin mürəkkəbliyini və hər bir emosiyanın həyatımızdakı vacib rolunu anladır.

Yuxarı ("Up")

2009-cu ildə işıq üzü görən bu komediya-drama animasiyası gənc yaşda itirdiyi həyat yoldaşının arzusunu reallaşdırmaq istəyən Karl Frederiksen adlı yaşlı bir adamın hekayəsidir. Evinə minlərlə hava şarı bağlayaraq səyahətə çıxan Karl, yanına səhvən düşən balaca kəşfiyyatçı qonşusu ilə birlikdə unudulmaz bir macəraya atılır.

Ruh ("Soul")

2020-ci ildə ərsəyə gələn animasiya həyatın mənası və tutqu mövzusuna toxunur. Əsas obraz olan caz müəllimi Co, gözlənilməz bir qəza nəticəsində ruhlar aləminə düşür. Burada o, yer üzünə getmək istəməyən 22 nömrəli ruhla qarşılaşır. İki obrazın bir-birindən öyrəndikləri dərslər həyatın kiçik anlarının dəyərini oxucuya və izləyiciyə çatdırır.

Buz dövrü ("Ice Age")

İlk filmi 2002-ci ildə yayımlanan bu məşhur animasiya layihəsi hazırda beş hissədən ibarətdir və altıncı filminin 2027-ci ildə nümayiş olunması gözlənilir. Hadisələr buzlaşma dövründə bir araya gələn fərqli heyvanların - Menni, Diqo və Sidin dostluğu, eləcə də onların təhlükələrlə dolu səyahətləri ətrafında cərəyan edir.

Kral Şir ("The Lion King")

1994-cü ildə ilk filmi təqdim olunan və ümumilikdə beş hissədən ibarət olan bu əsər kino tarixinin ən sevilən animasiyalarındandır. Süjet balaca aslan Simbanın böyüməyini, atası Mufasanın itkisindən sonra öz taxt-tacını və məsuliyyətini geri qazanmaq üçün keçdiyi çətin sınaqları təsvir edir.

Oyuncaqların hekayəsi ("Toy Story")

İlk filmi 1995-ci ildə yayımlanan və animasiya dünyasında yeni bir dövr açan bu layihə beş hissədən ibarətdir. Süjet insanlardan gizli şəkildə canlı həyat sürən oyuncaqlar dünyasından bəhs edir. Şerif Vudi, Bazz İşıq ili, Cessi və digər oyuncaqların dostluq, sədaqət və sahiblərinə olan bağlılığı əsərin təməlini təşkil edir.

Tinker Bell ("Tinker Bell")

2008-ci ildə istehsal edilən, altı hissədən ibarət olan bu pəri macərası fantastik dünya təqdim edir. Animasiya usta pəri olan Tinker Bell və onun pəri dostlarının sehrli dünyada qarşılaşdıqları çətinlikləri, təbiətin tarazlığını qorumaq üçün verdikləri mübarizəni əks etdirir.

Ratatuy ("Ratatouille")

2007-ci ildə ərsəyə gələn bu komediya animasiyası Parisdə mətbəx xəyalları quran Remi adlı sıçanın hekayəsidir. Yemək bişirmək istedadı olan Remi, restoranın təmizlikçisi ilə iş birliyi quraraq aşpazlıq dünyasında gözlənilməz uğurlara imza atır.

Şrek ("Shrek")

2001-ci ildə nümayiş olunan və beş hissədən ibarət olan bu animasiya nağıl qəhrəmanlarının klassik obrazlarını fərqli şəkildə təqdim edir. Sakit həyat sevən nəhəng Şrek, bataqlığını qorumaq üçün çıxdığı yolda Şahzadə Fionanı xilas etməli olur və bu gedişat onun bütün həyatını dəyişir.

Samirə Allahverdizadə

#gücünün #sehrli #animasiyalar #baki #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər