Xalçaçılıq sənətinin dərinlikləri
Azərbaycan xalçaçılığı minillik ənənəyə malik zəngin mədəni irsimizdir. Hər bir naxış, hər bir ilmə xalqımızın tarixini, mədəniyyətini və sənətkarın ilhamını özündə əks etdirir. Bu müsahibə oxuculara xalça sənətinin incəliklərini, xalçaçı rəssamın yaradıcılıq dünyasını və onun ilham mənbələrini daha yaxından tanımaq imkanı verir.
Mövzu ilə bağlı “İnformator.az” saytına açıqlamasında xalçaçı rəssam,bir çox beynəlxalq yarışmalarda iştirak edən Mərziyə Kərimli bildirib ki,Bu sənət mənim üçün həm də gələcək nəsillərə ötürüləcək bir irsin daşıyıcısıdır:
“Ənənədən kənara çıxmırıq, çünki Azərbaycan xalçası elə zəngin və nümunəvi sənət nümunəsidir ki, həm öz köklərini qoruyur, həm də müasir prinsiplərlə harmoniyada uzlaşa bilir. Müasir interyer və dizayn mühitində belə xalçalarımızın tarixi gözəlliyi və incə naxışları məkanı həm estetik, həm də mənəvi baxımdan zənginləşdirir. Hər bir ilmə, hər bir naxış özündə bir hekayə daşıyır, qədimdən gələn sənətkar ruhunu hiss etdirir. Mən isə bu sənəti yalnız qorumaqla kifayətlənmirəm, onu tələbələrimə tədris edərək çağdaş auditoriyaya çatdırmaq və onların da bu mədəni irsimizə hörmət və sevgini hiss etmələrini təmin etməyə çalışıram".
Ədilə Hüseynzadə
