Xalq artisti Habil Əliyev dünyasını dəyişib
Xalq artisti Habil Əliyev dünyasını dəyişib.
Bu barədə xalq artistinin yaxınları məlumat verib.
Qeyd edək ki, ürək çatışmazlığı və ağciyərində yaranan problemlə bağlı bir müddət əvvəl xalq artisti H.Əliyevin səhhəti ağırlaşıb.Habil Əliyevlə vida mərasimi sentyabrın 9-da saat 10.00-dan 14.00-dək Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.
Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. Elə həmin vaxtdan da meylini kamana salıb. Yeddinci sinifi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub.
Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başlayıb.
Habil \"Segah\", \"Bayatı-Qacar\", \"Bəstənigar\", \"Bayatı-Şiraz\", \"Rahab\", \"Bayatı-Kürd\", \"Cahargah\", \"Rast\", \"Zabul\" muğamlarına yeni kamança həyatı vermişdir. Beləliklə, Habil Əliyev əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşıb el arasında geniş şöhrət tapdı. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri, tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.
Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur.
Habil Əliyev 29 iyun 1964-cü ildə Azərbaycan SSR Əməkdar Artisti, 11 yanvar 1978-ci ildə Azərbaycan SSR Xalq Artisti, dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunub.
Allah rəhmət eləsin!
