00:00:00
Yazar
Admin User
14.01.2026 16:04 77 4 dəq oxuma
Sosial

Xaricdə yaşayan azərbaycanlı uşaqlar üçün ana dili dərslərinə start verilir

Xaricdə yaşayan azərbaycanlı uşaqlar üçün ana dili dərslərinə start verilir

Xaricdə yaşayan azərbaycanlı uşaqlar üçün nəzərdə tutulan “Ana dili - Azərbaycan məktəbi” layihəsinin 2025-2026-cı tədris ilinin II yarımili üzrə qeydiyyat prosesinə başlanılıb. Layihə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən həyata keçirilir. Məlumata görə, II yarımil üzrə dərslərin 1 fevral 2026-cı il tarixində başlaması planlaşdırılır. Tədris proqramı təkcə Azərbaycan dilinin öyrədilməsini deyil, eyni zamanda Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəni irsi haqqında sistemli biliklərin verilməsini də əhatə edir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib ki, xaricdə yaşayan azərbaycanlı uşaqların ana dilini öyrənməsində üzləşdikləri çətinliklər əsasən dil mühiti, təhsil imkanları və motivasiya ilə bağlıdır:

 

“Uşaqlar gündəlik həyatda yaşadıqları ölkənin dilində ünsiyyət qurur, Azərbaycan dili isə əsasən ailədaxili səviyyədə qalır. Bu da söz ehtiyatının məhdudlaşmasına, düzgün tələffüz və qrammatikanın zəifləməsinə səbəb olur. Bir çox ölkədə Azərbaycan dili rəsmi tədris proqramlarına daxil deyil. Nəticədə uşaqlar dili qeyri-peşəkar şəkildə öyrənirlər. Xaricdə böyüyən uşaqlar üçün hazırlanan, müasir metodlara əsaslanan, ikidilli və ya adaptiv dərs materialları kifayət qədər deyil. Qeyd edilən layihənin qeyd edilən problemlərin həllinə töhfə imkanları da mövcuddur. Layihə çərçivəsində dərslərin planlı şəkildə, ixtisaslı müəllimlər tərəfindən keçirilməsi uşaqların dili mərhələli və düzgün öyrənməsinə şərait yaradır. Təbii ki, tədris proqramının dil ilə yanaşı tarix, ədəbiyyat və mədəni irsi əhatə etməsi uşaqlarda milli kimlik şüurunun formalaşmasına kömək edir. Onlayn və ya çevik tədris modeli müxtəlif ölkələrdə yaşayan uşaqların dərslərə rahat qoşulmasına imkan yaradır. Eyni mənşəli uşaqlarla birgə təhsil almaq ana dilinə marağı artırır və uşaqlarda “azərbaycanlılıq” kimliyini gücləndirir. “Ana dili - Azərbaycan məktəbi” layihəsi xaricdə yaşayan azərbaycanlı uşaqların ana dilini öyrənməsi qarşısında duran əsas problemlərin böyük hissəsini sistemli şəkildə aradan qaldıra biləcək potensiala malikdir. Layihənin davamlılığı və daha geniş coğrafiyanı əhatə etməsi isə onun təsir gücünü daha da artıracaq. Dil ilə yanaşı tarix və mədəniyyət mövzularının tədris proqramına daxil edilməsi uşaqlarda milli kimliyin formalaşmasına kompleks və davamlı təsir göstərir. Xüsusilə diaspor mühitində böyüyən uşaqlar üçün bu yanaşma təkcə bilik deyil, mənsubiyyət hissi yaradır. Dil təkbaşına öyrədildikdə texniki bacarıq kimi qavranıla bilər. Dil tarix və mədəniyyətlə birlikdə təqdim olunduqda isə xalqın yaddaşı, düşüncə tərzi və dəyərlər sistemi kimi qəbul edilir. Bu da uşaqlarda ana dilinə emosional bağlılıq yaradır. Azərbaycan tarixi ilə tanış olan uşaq hansı mədəni-siyasi proseslərin bir hissəsi olduğunu, xalqının keçdiyi yolu dərk edir. Bu biliklər “mən kiməm?” sualına cavab verərək milli özünüdərkə zəmin yaradır. Musiqi, folklor, bayramlar, adət-ənənələr və mətbəx kimi mövzular isə ailə dəyərləri, böyüyə hörmət, kollektivlik və paylaşma kimi anlayışları uşaqlar üçün canlı və anlaşılan edir. Beləliklə, milli dəyərlər abstrakt deyil, gündəlik davranış modelinə çevrilir. Diaspor uşaqları adətən iki mədəni mühit arasında böyüyür. Tarix və mədəniyyət tədrisi assimilyasiyanın qarşısını alır, uşaqlara çoxmədəniyyətli şəraitdə öz kimliyini itirmədən yaşamağı öyrədir, fərqliliyi üstünlük kimi dərk etməyə kömək edir. Ən əsas olan milli kimliyini tanıyan uşaq öz mənşəyi ilə fəxr edir, başqa cəmiyyətlərdə özünü daha inamla ifadə edir və Azərbaycanı düzgün və obyektiv şəkildə tanıtmaq bacarığı qazanır. Dil, tarix və mədəniyyətin birlikdə tədrisi uşaqlarda sadəcə bilik deyil, milli şüur, mənəvi bağ və davamlı kimlik formalaşdırır. Bu yanaşma xüsusilə xaricdə yaşayan azərbaycanlı uşaqlar üçün milli dəyərlərin qorunmasının ən təsirli və sağlam yoludur. Bu tip layihələrin uzunmüddətli və davamlı olması üçün dövlət qurumları ilə diaspor təşkilatları arasında əməkdaşlıq strateji, institusional və nəticəyönümlü səviyyədə qurulmalıdır. Yəni əməkdaşlıq epizodik təşəbbüslərlə deyil, sistemli mexanizmlər üzərindən həyata keçirilməlidir. Diasporla İş üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi kimi dövlət qurumları ilə diaspor təşkilatları arasında ana dili və milli kimliyin qorunmasına dair uzunmüddətli dövlət strategiyası, diaspor uşaqları üçün təhsilin prioritet sahə kimi tanınması, coğrafi və yaş qrupları üzrə hədəf planlaşdırma formalaşdırılmalıdır. Uzunmüddətli layihələr üçün dövlət qrantları və məqsədli proqramlar, diaspor fondları və ianə mexanizmləri, illik və çoxillik maliyyələşmə modelləri yaradılmalıdır. Layihələr qısamüddətli kampaniya deyil, davamlı təhsil sistemi kimi fəaliyyət göstərir. Dövlət isə bu təşəbbüslərə metodiki dəstək, legitimlik və beynəlxalq əlaqələr verməlidir. Bundan başqa, onlayn platformalar vasitəsilə vahid təhsil şəbəkəsinin yaradılması və müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor mərkəzlərinin birləşdirilməsi, beynəlxalq təcrübələrin tətbiqi əməkdaşlığın təsir dairəsini genişləndirir. Bu tip layihələrin davamlılığı üçün dövlət-diaspor əməkdaşlığı formal dəstək səviyyəsindən çıxaraq strateji tərəfdaşlıq mərhələsinə yüksəlməlidir. Yalnız bu halda ana dili və milli dəyərlərin qorunması nəsillərarası və davamlı prosesə çevrilə bilər”.

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər