Xırdalan-Bakı sürət qatarları niyə günorta saatlarında fəaliyyət göstərmir?
Məlum olduğu kimi, Abşeron rayonunun Xırdalan şəhərindən Bakıya avtobuslarla yanaşı, günün müəyyən saatlarında sürət qatarları da fəaliyyət göstərir. Qatarlar əsasən səhər və axşam saatlarında hərəkət etsə də, sakinlər bu vəziyyətdən narazıdırlar. Narazılığın əsas səbəbi isə günorta saatlarında qatarların fəaliyyət göstərməməsidir.
Mövzu ilə bağlı “İnformator.az” saytı həm sakinlərin, həm də ekspertin fikirlərini öyrənib.
Xırdalan sakini Züleyxa Şəfiyeva bildirib ki,günorta saatlarında qatarların işləməməsi insanlara bir çox çətinlik yaradır:
“Ən böyük problemlərdən biri insanların vaxtında işə, universitetə çata bilməməsidir. Qatar olmadığı üçün insanlar avtobus və taksi kimi başqa nəqliyyat vasitələrindən istifadə etməyə məcbur qalırlar. Bu da yollarda tıxacın artmasına səbəb olur. Bundan əlavə, qatarların işləməməsi insanların əlavə pul xərcləməsinə gətirib çıxarır. Çünki başqa nəqliyyat vasitələri bəzən daha bahalı olur. Xüsusilə uzaq məsafəyə gedən insanlar üçün bu vəziyyət daha çətin olur”.
Xırdalan sakini Aysu Həsənova isə günorta saatlarında həm Xırdalan-Bakı, həm də Bakı-Xırdalan istiqamətində qatar reyslərinin olmaması bir çox insan üçün çətinlik yaratdığını deyib:
“Xüsusilə universitet və məktəb çıxış saatlarında hər iki istiqamətdə ən azı bir reysin əlavə olunması müəllim, tələbə və digər sərnişinlərin gediş-gəlişini daha rahat və əlçatan edər bilər”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə qeyd edib ki, Xırdalan Bakı istiqamətində sürət qatarlarının əsasən səhər və axşam saatlarında işləməsinin əsas səbəbi sərnişin axının məhz həmin vaxtlarda daha çox olmasıdır:
“Bu xətt daha çox işə və təhsilə gedib gələn sərnişinlərə hesablandığı üçün qrafik pik saatlara uyğun qurulur. Tələbat hansı saatda daha çoxdursa, pik saatlarda ona uyğun deməli təşkil olunub. Günorta saatlarında sərnişin sayı azaldığından reys intervalı artırılır. Bundan əlavə həmin vaxtlarda qatarların texniki baxışı və xəttin istismar tənzimlənməsi də həyata keçirilir. Hazırda bu istiqamətdə əlavə reyslərin açılması gündəmdə olan məsələlərdəndir.Son aylar ərzində bəzi əlavə reislərdə artıq tətbiq edilib və sərnişin tələbatına uyğun olaraq qrafik yenidən baxılır. Xüsusilə, Abşeron ətrafında yaşayış sıxlığı artdığı üçün gələcəkdə günorta saatlarında da daha intensiv hərəkətin təşkili real görünür. Amma hazırda səhər-axşam saatlarında, yəni xüsusən pik saatlarında bu qatarların hərəkəti çox yaxşı da təşkil olunur”.
Nuray Əliyeva