XOŞ GƏLDİN, “GƏNCLİK”
“Gənclik”, xoş gəldin bu söz aləminə! Müdriklərimizin, söz səltənətinin sahiblərinin hər an ehtiram və ehtiyatla yanaşdığı söz dərgahına. Sözü öz ucalığında dəyərləndirən, qiymətləndirən, söz dərgahının hüzurunda həmişə başı uca olasan! Bu təzadlı dünyamızda, çarpışmalarla, ziddiyyət dolu olan həyatımızda öz yerin, öz sözün olsun, “Gənclik”! Sözü dünyanın bütün var-dövlətindən üstün tutan söz dühalarının ruhu sənə yar olsun bu çətin və şərəfli yolda! Sözünün gətirdiyi rəğbətdən, məhəbbətdən pay düşsün söz yoldaşlarına, məsləkdaşlarına.
Əbəs yerə deməyiblər: “Söz həmişə sahibinin kimliyini bəyan edir”. Sözünün qüdrətilə oxucunun qəlbini ram et, ona özünü sevdir, qoy yolunu sevgilə, həsrətlə gözləsin, “Gənclik”! Sözünə sahib çıx, amalına xəyanət etmə, sözünün siqləti, dəyəri olsun ki, böyük sözün sehrinə sığınaraq onun qüdrətilə ucalığa üz tut ki, adına, amalına, səni ərsəyə gətirənlərə xəyanət etməyəsən! Sənə “ağsaqqallıq” edənin adına, amalına, mənəviyyatına layiq ol ki, varidatın oxucu sevgisi, sayğısı olsun! Sözün dəyərinin daha az qiymətləndirildiyi bir vaxtda sözünün məlhəmi əvəzsiz, yarası dərin olsun!
“Bu dünya bir pəncərədir, hər gələn baxar gedər”,-deyiblər. Sənin də bu pəncərədə bir izin qalsın, sözün olsun, “Gənclik”! Qəhrəmanların sözlə sənət mülkü ucaldanlar, təmiz amalı və əməlilə mənəviyyatdan yoğrulanlar olsun. Qəlbinin dediyi, qələminin yazdığı sözlərlə bu söz bolluğunda basılmaz bir qala hör. Qələminlə sözü göyərt ki, səndən sonra səni yaşadacaq bir söz sahibi ol, “Gənclik”!
Azad millətini, demokratik dövlətini sevməyə, qorumağa, canını fəda etməyə hazır olan Məhəmməd Əminlər, Mübarizlər yetir! Hürriyyətin, ədalətin keşiyində duran Vətən, bayraq sevgisisilə yoğrulan, milli ruhlu Gənclik yetir!
Sabahahımıza, yurdumuza-yuvamıza, dəyərlərimizə varis olan, Azərbaycan-türk gənci, sabah sənindir. Bu vətəninə sahib çıxmaq üçün VƏTƏN DAŞI ol! “Şəhidlərin qanı hopmuş vətən torpaqlarından yadların ayağını kəsmək, atdığı hər addımı bu şüurla atmaq, yazdığı hər kəlməni bu niyyətlə yazmaq, bütün fikrini-düşüncəni bu niyyət üzərində kökləmək üçün” VƏTƏNDAŞ OL, EY GƏNCLİK!
Demə bu gün Babək kimi igidim yox. Bəs vətəni, torpağı, müstəqilliyi uğrunda minlərlə ölməzlik zirvəsinə qalxan şəhid oğulların-Mübarizlərin, igidliyi ilə milyonlara örnək olan Ramillərin kimin oğludur?!
Demə bu gün məhəbbətinə sədaqətli Leylim, Məcnunum yox. Bəs dastanlar qəhrəmanı olan Fərizəvə İlham kimindir?
Sevgində də, mübarizəndə də sadiq ol, həmrəy ol, Azərbaycan-türk gənci! Həmrəy ol ki, Milli yüksəlişə doğru addımlayasan. Axı Həmrəylik haqqın gücü, qələbəsi deməkdir. Sabahımızın sahibi olan Gənclik-unutma ki, “Həmrəylik tarixin qorxunc fırtınasının qabağını kəsən möhkəm sədd, alınmaz qala” olmaqla yanaşı, Həmrəylik “nifaqa, fitnəyə tutarlı cavab, sərt şillədir”. Bu Həmrəyliyi sən yaşat “GƏNCLİK”
“Kaspi” qəzeti, fevral 2014
BDU-nun professoru Qərənfil Dünyaminqızı
