“Yaddaş səhifələri”ni oxuyarkən
İlk an diqqətimi kitabın adı cəlb etdi. “Yaddaş səhifələri”. Hər an şirinli, acılı xatirələrlə zəngin olan yaddaşımız bəzən bizim ən qiymətli xəzinə mənbəyimizə çevrilir. Bu xəzinə dəyişən, yeniləşən fikrimizin, zəkamızın ən qaranlıq qatlarında belə gizlənib qalanları illər sonra da bizə xatırladır. Neçə ki, “Yaddaş səhifələri”ndə ədəbiyyatımızın, mətbuatımızın, mədəniyyətimizin tanınmış, istedadlı qələm əhlindən, onların söz dünyasından, vətən, millət sevgisindən bəhs olunur.
Əsasən publisistik janrda qələmə alınan bu məqalələrdə bir alim-tədqiqatçı zəkası, ziyalı qayğısı, vətəndaş qeyrəti bütövlükdə özünü əks etdirir. Fikir və əhatə dairəsinin zənginliyi ilə seçilən “Yaddaş səhifələri” Azərbaycançılıq ideologiyası ilə başlayır, torpaq, yurd sevgisi, həsrəti ilə qurtarır.
2012-ci ildə “Elm və təhsil” nəşriyyatı tərəfindən işıq üzü görən “Yaddaş səhifələri” əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Şamil Vəliyevin oxucularına növbəti töhfələrindəndir. Tanınmış ədəbiyyatşünas-alim, tənqidçi və publisist Ş.Vəliyev sovet və müstəqillik illərində qələmə aldığı elmi-nəzəri məqalələri, publisistik yazılarının bir qismini topladığı bu əsəri ilə oxucuların görüşünə gəlib. Filologiya elmləri doktoru, professor Alxan Bayramoğlunun redaktorluğu ilə çap olunan kitabdakı məqalələri toplayıb nəşrə hazırlayanlar filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimova və Afaq Sadıqova, Nilufər Əliyevadır.
Əsər gənc tədqiqatçı alim, publisist-şairə Sona xanım Vəliyevanın yaradıcılığına həsr edilən bədii-publisistik məqalə ilə başlayır. Burada Sona xanımın bədii yaradıcılığı ilə yanaşı, elmi-nəzəri fikirlərinə də geniş yer verən müəllif xanım tədqiqatçının Azərbaycançılığın təşəkkülü və inkişafına aydınlıq gətirmək istəyində olduğunu vurğulayaraq yazır: “Tədqiqatçı xanım düzgün olaraq yazır ki, Azərbaycanın milli oyanışı və yeniləşməsi, milli ideya uğrunda mübarizə hərəkatı milli gerçəkliyimizin çox mühüm tərkib hissələrindən biridir”.
Sona xanımın elmi və nəzəri fikirlərini hərtərəfli təhlil edən ədəbiyyatşünas alim Ş.Vəliyev belə bir qənaətə gəlir ki: “Sona Vəliyevanın araşdırmalarında azərbaycançılıq yalnız tarixi fakt, hadisə, problem, elmi-nəzəri prinsiplər, təhlil metodları, qiymətləndirmə obyektləri, şəxslər, əsərlər, qəhrəmanlar və s. ibarət deyil, burada həm də kamil vətəndaş arzuları, xoşbəxt gələcəyə qürurla dolu milli tarixə bağlı yaddaş və düşüncə aydınlığı, ibrət olacaq, örnək seçiləcək mənəvi yaşayış tərzi ifadə olunmaqdadır”.
Əsərdə diqqətçəkən məqalələrdən biri də “Tarixin tələbi və qırmızı yalanlar” adlı yazıdır. Əslində bu Ş.Vəliyevin tanınmış yazıçı Elçin Əfəndiyevə məktub janrında müraciətidir. Bu müraciəti oxuyarkən görkəmli alman filosofu İ.V.Hötenin çox qiymətli sözlərini xatırladım. O yazırdı: “Mən işıqlı zəka qarşısında baş əyir, böyük qəlb qarşısında isə diz çökürəm”. Şamil müəllimin bu yazısında da hiss olunur ki, onun Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Elçin Əfəndiyev yaradıcılığına və şəxsiyyətinə olan böyük hörmət və ehtiramından doğan bu səmimi sözlər həm də Azərbaycan ədəbiyyatının, onun çoxmilyonlu oxucularının qəlbindən gələn xoş sözlərdir. Müəllif bu yazısında tarixin, zamanın öz qanunauyğunluqlarını əks etdirməklə yanaşı, “altmışıncılar”ın ən yaxşı nümayəndəsi kimi Elçin müəllimin milli ictimai yaşantılarımıza bağlı düşüncələrini də qeyd edir.
İnsanlıq, bütöv şəxsiyyət, kamil insan məfhumu, zaman, məkan anlayışı müəllifin görkəmli yazıçı Kamal Abdullanın yaradıcılığınahəsr etdiyi sayıqlığın, yaddaş bütövlüyünün, mənəvi kamilliyin zirvəsində duran əsərlər adlandırır. Ona görə də bu məqalələri oxuyarkən oxucu bir daha insanı özünə tanıdan, gücünə inandıran, yaşamaq haqqını qazandıran, sabaha inamını artıran mənəvi hisslərə bağlanır, yaşamaq-yaratmaq əzmi ilə çalışır.
Ş.Vəliyev əvvəlki əsərlərində olduğu kimi bu əsərində də öz yaradıcılıq kredosuna sadiq qalır. Tarix, zaman, irs-varislik, vətəndaş mövzularını predmet seçsə də ədəbi-bədii prosesdə özünəməxsus bir üslubla seçilir. Onun məqalələrində bütöv bir xalqın, millətin tarixini, kök-soyunu, dünənini, bu gününü və sabahını əks etdirə biləcək məqamlar, faktlar, hadisələr var. Bu faktlar, hadisələr millətin “yaddaş saxlancını” nəsildən-nəsilə ötürdüyü üçün Ş.Vəliyevin məqalələri oxucu üçün hər zaman aktual və əhəmiyyətlidir. Vətəndaş kimliyini qoruyan, nəsillərin gen yaddaşına hopduran bu məqalələr, həm də sənətkarlıq baxımından diqqətəlayiqdir. Burada böyük, zəngin, qədim bir xalqın milli mentalitetindən, ədəbiyyatından, mədəniyyətindən, mənəviyyatından söhbət açılır.
“Yaddaş səhifələri” bir mətbuat tarixinin araşdırıcısı kimi mənim də marağıma səbəb oldu. Burada füyuzatçı şair, azadlıq şəhidi Səid Səlmasi ruhunu duydum, “Ləyaqət, cəsarət təcəssümü” sayılan, Azərbaycan mətbuatşünaslığı elminin “obyektivlik meyarı” kimi tanınan Şirməmməd Hüseynov dəst-xəttini hiss etdim, Məhəmmədağa Şahtaxtının “Şərqi-Rus”u haqqında bilmədiklərimi öyrəndim, görkəmli pedaqoq, ədəbiyyatşünas alim Mir Cəlalın əsərlərindəki düşüncələrdəki, məntiq mükəmməlliyinin şahidi oldum, ustad Şəhriyarın ölməz “Heydər babaya salam”ının necə yarandığını bildim.
Artıq neçə illərdir ki, Ş.Vəliyev mətbuatın tədqiqi ilə yanaşı onun tədrisi ilə də ardıcıl məşğul olur. Mətbuatşünas alim mühazirələrində Azərbaycan mətbuatının tarixindən, çoxşaxəli inkişaf yollarından, klassiklərinin zəngin mətbu irsindən gəncləri hali edir. Bu sahədə məqalələr, monoqrafiyalar, dərs vəsaitləri yazaraq tanınmış bir mütəxəssis kimi imzasına, sözünə nüfuz qazandırıb. Mətbuat tarixinin qaranlıq məqamlarına işıq salmaqla neçə-neçə qələm əhlinin, söz ustadının ruhunu şad edib. Hər birimizə bəllidir ki, ölkəmizdə uzun illər romantik məktəbin nümayəndələrinin yaradıcılarına qadağalar qoyulub. Onlardan biri də Şamil müəllimin “azadlıq şəhidi” adlandırdığı füyuzatçı şair Səid Səlmasidir. “Füyuzat” ədəbi məktəbinin nümayəndəsi olan Səid Səlmasi cəmi 22 il yaşasa da, oxucuları arasında “şəhidi-azadi” kimi tanınmışdır. Səlmasi poeziyasının ölməzliyinə diqqət verən Ş.Vəliyev yazır ki: “Xalqının mənəvi böyüklüyünə arxalanan Səid azadlıq uğrunda döyüşdə həlak olsa da Şəhriyar, Səhənd, Coşqun, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Sabir Rüstəmxanlı və başqalarının poeziyasında mənən yenidən doğuldu, çağdaş Azərbaycanın istiqlalı uğrunda mübarizə aparanların timsalında yenidən mübarizə səngərlərində göründü”.
Ş.Vəliyevin bütün əsərlərində vətən, millət sevgisi daha çox əks olunur. Və bu vətəni qorumaq üçün bu millətin qeyrətli oğullarının hər sahədə yekdil olmasını dönə-dönə vurğulayan müəllif Azərbaycanın tarixində neçə böyük faciələr baş verdiyini və bu faciələrdən ibrət dərsi almağın vaxtı çatdığını söyləyir: “Nələr çəkib doğma Azərbaycanımızın başı. Milli tarixi taleyimizə yaxından bələd olanlar bunu çox yaxşı bilirlər. Bilirlər ki, uğurlu-uğursuz günlərimiz millətimizin taleyinə ağlı-qaralı səhifələrini az yazmayıb”. Müəllif sonda qeyd edir ki, bu qara səhifələri azaltmaq, yox etmək üçün “Vətəni sevmək azdır, ona İMAN gətirmək, İNAM bəsləmək lazımdır”.
“El bir olsa, yaxud diri torpaqlar” adlandırdığı bədii-publisistik yazını heç də həyəcansız oxumaq mümkün deyil. Çünki burada minlərlə soydaşımızın Zəngəzur həsrətini, Ağdam harayını, Şuşa nisgilini, Kəlbəcər ağrısını, Xocalı faciəsini, Füzuli dərdini, Cəbrayıl xiffətini görürsən, duyursan…
Çox təəssüflər ki, millətin, vətənin bu dar günündə ona dayaq olmaq, dövlətçiliyimizi qorumaq, gənc hökumətimizə dəstək olmaq istəməyənlərimiz də var. Şamil müəllim belələrini dahi Mirzə Cəlil sayağı “Meşşanlıq, yaxud hər gecə bir əyləncə” adlandırdığı satirik yazısında tənqid etməklə kifayətlənmir. Vətən, millət duyğusundan çox-çox uzaq olanlarda vətən, torpaq qeyrəti, millət sevgisi aşılamaq istəyi ilə onlara üz tutur. “Körpülü bir ocaqdı” adlı məqaləsində də elindən-obasından didərgin düşən soydaşlarımızın ağrı-acısı hiss olunur. “Bir neçə il öncə özümün idisə, indi yuxularımın məskənidir Körpülü kəndi”,-deyən müəllif neçə illərdir ki, doğma kəndinin həsrəti ilə yaşadığını, ona yalnız yuxularında qovuşa bildiyini için-için, yana-yana yazır…
İstər yaxın, istər uzaq keçmişimizi bu günümüzlə bağlayan müəllif bu əsərində topladığı məqalələrinin əksəriyyətində milli kimliyimizi, əxlaqi-mənəvi kamilliyimizi əsas götürür və bildirir ki, xalqın intellektual inkişafı üçün tarixdə elə dövr vardır ki, onların dərki və qiymətləndirilməsi yeni ictimai-siyasi, ədəbi-mədəni epoxanın formalaşmasına təkan verir, şərait yaradır. Müəllifin fikrincə, Azərbaycanın da belə bir dövr və tarixi mərhələsinə ən yaxını “1960-cı illərdir. Bu illərdə elm, mədəniyyət, ədəbiyyat, siyasət, mətbuat, sənət və s. sahələrdə çox ciddi addımlar atıldı. Təbii ki, bunlar mövcud imkanlar daxilində olurdu”.
Kitabda iri həcmli məqalələrdən biri də “Azərbaycanda jurnalistikanın qaynaqları” adlanır. Azərbaycanda jurnalistikanın inkişafı, onun problemlərinin aradan qaldırılması, yüksək kadr potensialının yetişdirilməsi Şamil müəllimi həmişə düşündürüb. Bu məqalədə də müəllif jurnalistikanın yaranma tarixinə nəzər salmaqla yanaşı, onun bu gününə də diqqət yetirir.
“Yaddaş səhifələri”ni oxuyub qurtararkən bir daha əmin oldum ki, fikir və əhatə dairəsinin zənginliyi ilə seçilən bu əsər çoxlarımızın diqqətini cəlb edəcək.
Hörmətli oxucu! Vətən, millət, torpaq, yurd sevgisi, böyük azərbaycançılıq ideyası aşılayan bu əsəri oxumağa tələs!
BDU-nun professoru Qərənfil Dünyaminqızı