Yaddaşı və diqqəti artıran məhsullar
Müasir həyatın sürətli ritmi yaddaş və diqqət problemlərini daha da aktuallaşdırır. Xüsusilə tələbələr, zehni əmək sahəsində çalışanlar və uzun müddət ekrana baxan insanlar üçün konsentrasiyanın zəifləməsi gündəlik çətinliyə çevrilib. Mütəxəssislər bildirir ki, düzgün qidalanma beyin funksiyalarının güclənməsində əsas rol oynayır.
Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində dietoloq Xumarə İsgəndərli bildirib ki, qidalanma beyin sağlamlığında əsas və həlledici faktorlardan biridir:
“Beyin bədənin cəmi 2%-ni təşkil etsə də, gündəlik enerjinin təxminən 20%-ni sərf edir. Bu enerji əsasən qida vasitəsilə alınan maddələr hesabına təmin olunur. Düzgün və balanslı qidalanma sinir hüceyrələri arasında əlaqəni gücləndirir, neyrotransmitterlərin sintezini dəstəkləyir və beyin hüceyrələrinin oksigenlə təminatını yaxşılaşdırır. Qida çatışmazlığı isə diqqət dağınıqlığı, yaddaş zəifləməsi, zehni yorğunluq və hətta emosional dalğalanmalarla nəticələnə bilər. Yəni sağlam beyin üçün sağlam qidalanma şərtdir. Beyin fəaliyyəti üçün ən vacib maddələrə B qrupu vitaminləri, Omega-3 yağ turşuları, D vitamini, dəmir, maqnezium və sink daxildir. Bu maddələr sinir sisteminin sağlamlığını qoruyur, beyin hüceyrələri arasında əlaqəni gücləndirir, diqqət və yaddaşın yaxşılaşmasına kömək edir. İstənilən faydalı məhsulun həddindən artıq qəbulu zərərli nəticələrə səbəb ola bilər. Məsələn, Omega-3-ün normadan artıq qəbulu qan durulaşmasına, B vitaminlərinin yüksək dozası isə sinir sistemində disbalansa yol aça bilər. Eyni zamanda, “yaddaşı gücləndirir” adı altında istifadə edilən bəzi əlavələr həkim məsləhəti olmadan qəbul edildikdə ürək-damar və ya mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Buna görə də əsas prinsip müxtəlif, balanslı və ölçülü qidalanma, əlavə preparatların isə yalnız mütəxəssis tövsiyəsi ilə istifadəsidir”.
Ədilə Hüseynzadə
