00:00:00
Yazar
Nigar Həsənzadə
23.02.2026 16:16 62 3 dəq oxuma
Mədəniyyət Özəl

Yaddaşın səhnədə dirilişi - "Kod adı V.X.A"

Yaddaşın səhnədə dirilişi - "Kod adı V.X.A"

22 fevral 2026-cı il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunan "Kod adı: V.X.A" (Vətən Xainlərinin Arvadları) tamaşası 1937-ci ilin repressiya illərinin ən qaranlıq səhifələrini tamaşaçıya canlı şəkildə çatdırdı. Üç saata yaxın davam edən səhnə əsəri izləyiciləri həm mənəvi sarsıntıya qərq etdi, həm də insan ruhunun, xüsusilə Azərbaycan qadınının əyilməz iradəsini və sevginin gücünü təsirli şəkildə göstərdi. Tamaşa izləyicini amansız sürgün düşərgələrinə - “ALJİR” kimi tanınan Qazaxıstanın barak tipli yerlərinə apardı. Səhnədə Xədicə Qayıbova, İzzət Vəzirova, Şükriyyə Axundzadə və Dilbər Axundzadə kimi ziyalı qadınların "vətən xaininin arvadı" damğası ilə çağırılması, günlərlə aclıq və susuzluğa, tənqid, təhqir və zorakılığa məruz qalması təsirli şəkildə canlandırıldı. Dilbər Axundzadə obrazı həmçinin həyat yoldaşı Müşfiqin dərdindən ruhdan düşməsini göstərərək tamaşaya əlavə emosional dərinlik qatdı. Səhnədə həmçinin yerli əhali sürgün olunan qadınlara kömək məqsədilə onlara daş atırdı ki, aclıqdan ölməsinlər, bu detal tamaşaya həm dramatik, həm də tarixi real təsir əlavə edir. Tamaşanın ağır məqamlarından biri 1507 körpənin taleyi ilə bağlıdır. Valideynləri bilinməyən uşaqlar, aclıq və səfalət içində həyatını itirirdi. Bu faciəli səhnə tamaşaçıda dərin emosional iz buraxır. Məktəblərdə isə repressiya dövrünün siyasi xətti açıq şəkildə göstərilirdi: Hüseyn Cavid, Mikayıl Müşviq kimi böyük Azərbaycan dühaları tənqid olunur, Stalinin təbliğatı aparılır, repressiya qurbanlarının övladları isə təzyiqlərə məruz qalırdı. Bu, dövrün insan ruhuna yönələn mənəvi təzyiqin miqyasını açıq göstərirdi. Tamaşanın emosional mərkəzində isə Şükriyyə Axundzadə dayanırdı. Onun fədakarlığı, əyilməz iradəsi və sevgi ilə yaşaması hər bir səhnəni təsirli etdi. Şükriyyə bütün təzyiqlərə baxmayaraq Cavadın soyadından imtina etmirdi.

 

O, xəyalında Cavadın söylədiyi şeiri eşidərək təsəlli tapır:

 

"Şükriyyə taleyim, şükür xudaya!

Gördüyüm doğrumu, yoxsa pək röya?!

Dolub ürayimə bu dadlı xülya,

Şirin günlərimi sürməram sənsiz!

Əvət, bu sevdanın səfası çoxdur,

Sevdasız həyatın mənası yoxdur!

Gözlərin yıldızdır, kipriyin oxdur,

Ürək qubar olar - can verəm sənsiz…"

 

Şükriyyənin xəyalı, sevgi və ümid onun üçün həm təsəlli, həm də yaşamaq gücü oldu. Tamaşa göstərir ki, sevgi bütün əzabların, təzyiqlərin və qorxuların üzərində duran ən güclü qüvvədir. Həmçinin düşünürəm ki, görkəmli romantik ədibimiz Hüseyn Cavidin həyat şüarı tamaşanın ruhunu tamamlayır:

 

"Mənim tanrım gözəllikdir, sevgidir. Turana qılıncdan daha ulu qüvvət mədəniyyət, mədəniyyət, mədəniyyətdir".

 

Üç saata yaxın davam edən tamaşa zamanı aktyorların peşəkarlığı, simvolik dekorlar və səhnənin ritmi izləyiciləri dərindən təsirləndirdi. Yerli əhalinin sürgün olunan qadınlara kömək məqsədilə daş atması kimi tarixi faktlar da səhnədə canlandırıldı. Tamaşaçı bu səhnələr qarşısında duyğularını saxlaya bilmədi. Mustafa Kamal Atatürkün sözləri tamaşanın vacibliyini təsdiqləyir:

 

"Əfəndilər, teatr bir millətin mədəniyyət səviyyəsinin aynasıdır".

 

Gənc Tamaşaçılar Teatrındakı bu səhnə əsəri həm qanlı keçmişimizin, həm də əyilməz ruhumuzun və sevginin aynasıdır. Tamaşanı izləmək hər bir azərbaycanlı üçün zəruridir, çünki o, tariximizi, sevgi və fədakarlığı bir daha xatırladır.

 

Ədilə Hüseynzadə

#baki #v.x.a" #xəbər #səhnədə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər