Yağışdan sonra vəziyyət: yollar su altında qalıb
Bu gün yağan güclü yağış bir sıra ərazilərdə ciddi problemlərə səbəb olub. Yağıntının intensiv olması nəticəsində bəzi küçə və yolları su basıb, nəqliyyatın hərəkəti çətinləşib. Sakinlər gündəlik işlərində çətinliklərlə üzləşiblər.
Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində hidroloq Rövşən Abbasov bildirir ki, yağıntı 8 saatdan artıqdır davam edir və uzun müddət ərzində çox nadir müşahidə olunan hadisələrdəndir:
“Şəhərdə belə hallara çox az rast gəlinir və təbii ki, intensiv yağışlar baş verdikdə müəyyən çətinliklər yaranır.
Bu, eyni zamanda iqlim dəyişikliklərinin nəticəsi kimi qiymətləndirilə bilər. Qısa müddət ərzində aylıq normanın dörd qatı qədər yağıntının yağması onu göstərir ki, atmosfer və sinoptik proseslərdə ciddi dəyişikliklər baş verir. Bu dəyişikliklər isə öz növbəsində belə qeyri-adi təbiət hadisələrinin yaranmasına səbəb olur. Bakı üçün bu cür yağışlar nə xarakterikdir, nə də gözləniləndir.
Belə intensiv yağıntılar şəhərin infrastrukturunda da müəyyən problemlər yaradır. Xüsusilə, kollektor və drenaj sistemlərinin yetərli səviyyədə işləməməsi bu problemləri daha da dərinləşdirir.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, son 30 il ərzində şəhər ərazisində həddindən artıq məskunlaşma var. Özbaşına məskunlaşma geniş yayılır, bələdiyyələr vasitəsi ilə torpaq sahələrinin satılması və plansız tikintilərin aparılması halları artır. Köhnə beşmərtəbəli binaların sökülərək yerində çoxmərtəbəli məsələn, on altımərtəbəli binaların tikilməsi də bu prosesi daha da sürətləndirir.
Bəzi hallarda isə təbii axın yollarının zəbt olunması müşahidə edilir ki, bu da güclü yağışlar zamanı fəsadların yaranmasına şərait yaradır. Bütün bunlar göstərir ki, paytaxtda şəhərsalma prosesi mərkəzləşdirilmiş və planlı şəkildə aparılmalıdır.
Tikinti üçün icazələr verilərkən bütün aidiyyəti qurumların rəyi və razılığı nəzərə alınır. Məskunlaşma prosesi elə planlaşdırılır ki, kanalizasiya, drenaj və yağış sularının toplanması sistemləri düzgün layihələndirilir, müasir tələblərə cavab verir və şəhərin dayanıqlı inkişafını təmin edə bilir”.
Mövzu ilə əlaqədar danışan Həzi Aslanov rayonu sakini Vüsalə Ağaquluyeva bildirib ki, yağış artıq evlərin içinə daxil olur:
“İki gündür davam edən yağış artıq gediş-gəlişi daha da çətinləşdirib. Evimizdən çıxıb nə işə, nə marketə, ümumiyyətlə heç yerə gedə bilmirik. Kanalizasiya sistemləri suyu çəkmir və su yığılıb qalır. Yağış sularına görə qapını aça bilmirik qapı açılan kimi evə su daxil olur. Mövcud vəziyyət isə gündəlik həyatımızı iflic vəziyyətə salıb”.
Gövhər Meyhəddinova