Yagmasın qar, üşüməsin anam!
İnformator az. saytı üçün BDU,Jurnalistika fakültəsi III kurs tələbəsi Yaqut Aslanova
Ömrümə növbəti qış fəsli gəldi. Bilmirəm daha necə qış yaşayacağam, amma bu sənsiz ilk qışımdı. Fərqlənir digərlərindən, pis mənada seçilir digərlərindən. Doğrudur sənsiz hər fəsildə üşüyəcəm amma bu mövsümdə lap soyuq olur mənə. Bu qış heç nəyə sevinə bilməyəcəm. Heç nə də istəməyəcəm. Hər arzumun əsasında sən duracaqsan, əvvəl səni fikirləşib sonra diləyəcəm. Sənlə olanda nəyi istəyirdimsə indi sənsiz olduğumdan onları istəyə bilmirəm. Qışı xoşlayırdım qarına görə. Həmişə bu mövsüm gələndə ilk istəyim qar yağsın hər tərəf ağappaq olsun olardı. Soyuqdan əllərim üşüsün, yanaqlarım qızarsın, qartopu oynayım doyunca. Bir illik qarsız keçən hər günümü doldurum. Sonra soyuqla mübarizə apara bilməyim evimizə tələsim. Sonra da sən qapını aç məni qarşıla xəstələnəcəksən axı, yenə qarla oynamısan deyəsən. İllər keçdi. Nə bilim hər şey bu qədər tez sona çatacaq. Bilsəydim oynamazdım o qarla, bilsəydim etməzdim.
İndi isə həyatım kimi arzularım da, xəyallarım da dəyişdi. Daha qar istəmirəm. Ana! Qorxumdan istəmirəm yağsın o qar soyutsun hər yeri onsuz da üşüyürsən bir azda o qar səni dondurmasın. Sənin üçün heç nə edə bilmirəm, amma səni narahat edəcək nə isə etmək də istəmirəm. Ana bu qar məni sevindirməyəcək. Səni üşüdəcək mən də səni qoruya bilməyəcəyəm. Heç qışın, soyuğun gəlməyini də istəmirəm.
Sən məni dünyaya gətirdin-böyüməyimə nə qədər əmək sərf etdin. Məktəbə apardın, gətirdin. O qarlı günlərdə əlcək taxmayanda əlimi sənin əlin isitdi, üşüməyim keçirdi. Ən isti mənim əlimin içi idi. Ən güclü mənim əlim idi. Sən mənə bu qədər güc, qayğı, ana sevgini verdiyin halda mən balan olaraq -sənə o torpağın altında əlimi əlinə uzadıb çatdıra bilmirəm. Heç bir borcunu qaytara bilmədim. Sənə bir əlimi də uzada bilmədim. Sən qara torpaqda yerin altında donursan, mən isə yerin üstündə. Ana nə vaxt isinəcək bədənimiz, ruhumuz. Nə zaman daha ikimizə də soyuq olmayacaq?! Bu fəsil başqadır!
Çünki o mənə sənsizliyi xatırladır. Qışda sənin bizdən ayrı olduğunu yadıma salır. Mən evdə sənli günləri yadıma salıb onları geriyə qaytarmaq üçün nələr edərdim, deyib xəyallara dalarkən, həyatıma necə davam edəcəyim haqqında düşünərkən razı ola bilmərəm ki, sən üzərinə yağan qar dənəcəklərinin sənə hiss elətdirdiyi soyuqla mübarizə aparasan. Anası yanında olanlar, isti evlərində günlərini başa vuranlar qar istəyə bilər, amma mənim səsimi eşitsin Allah, yağmasın bu fəsil qar. Üşüməsin anam, rahat yatsın yerində. Sən soyuq havada təksən bizsizsən. Biz də hər yeri səni xatırladan evdə sənsizik. İnan anam qar hər gün bizim ürəyimizə yağır. Yağan bu qarın soyuqluğu isə heç bir qar kimi dondurmur adamı. Bəlkə də fəsillər dəyişdikcə illər ötdükcə sənsizliyin məni hiss elətdirdiyi soyuqluğa bir az ilıqlıq gələcək, amma bu yaxın zaman deyil bilirəm. Kaş bu həyat məni, sənsiz hər fəsli qış kimi yaşatmaq yerinə, səninlə birgə hər mövsümümü yaz edərdi.
