Yalçın Rəfiyev iqlim fəaliyyətini irəli aparmaqdan bəhs edib
2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmaq Azərbaycan üçün ciddi çağırışdır.
Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında ekoloq Rövşən Abbasov bildirib ki,İqlim dəyişmələri ilə mübarizədə dünya ölkələrinin qarşısında iki əsas məqsəd dayanır:
“Bunlardan birincisi temperatur artımını sənayedən əvvəlki dövrlə müqayisədə 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq, ikincisi isə 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmaqdır.Sıfır karbon emissiyası o deməkdir ki, ölkələr atmosferə atılan istixana qazlarının miqdarını mümkün qədər azaltmalı, qalan emissiyaları isə karbonun tutulması və kompensasiya texnologiyaları vasitəsilə balanslaşdırmalıdırlar. Məsələn, atmosferə 50 ton karbon atılırsa, həmin miqdarda karbonun udulmasını təmin edən texnologiyalardan istifadə edilə bilər. Bu baxımdan əsas məqsəd karbon qazı emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasıdır”.
Ekoloq qeyd edib ki,Karbon qazının əsas mənbələri arasında nəqliyyat və sənaye xüsusi yer tutur:
"Nəqliyyat sektorunda daxiliyanma mühərrikli avtomobillərin elektrik avtomobilləri ilə əvəzlənməsi emissiyaların azaldılması baxımından mühüm addımdır. Lakin burada başqa bir məsələ də ortaya çıxır: elektrik avtomobillərinin istifadə etdiyi enerjinin hansı mənbədən əldə olunması. Əgər elektrik enerjisi təbii qaz kimi fosil yanacaqların yandırılması hesabına istehsal edilirsə, bu zaman emissiyaların azaldılması gözlənilən səviyyədə olmaya bilər".
Rövşən Abbasovun sözlərinə görə, dünya ölkələri külək və günəş enerjisi kimi alternativ enerji mənbələrindən istifadənin artırılmasını qarşılarına əsas məqsədlərdən biri kimi qoyurlar:
"Lakin alternativ enerji mənbələrinin də müəyyən problemləri mövcuddur. Külək turbinləri quşların hərəkətinə təsir göstərə, səs-küy yarada və ətraf ərazilərin landşaftına təsir edə bilər. Günəş elektrik stansiyaları isə böyük ərazilər tələb edir. Eyni zamanda köhnəlmiş günəş panellərinin utilizasiyası da mühüm məsələlərdən biridir. Bütün bunlar göstərir ki, ölkələr iqlim dəyişmələri ilə mübarizə apararkən daha səmərəli və dayanıqlı texnologiyalara keçməlidirlər. Bunun üçün həm müasir texnologiyaların inkişaf etdirilməsi, həm də bu sahədə peşəkar mütəxəssislərin iştirakı vacibdir. Paris Razılaşması çərçivəsində dünya ölkələri müəyyən uğurlar əldə etsələr də, 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmaq hələ də kifayət qədər mürəkkəb və real görünməyən hədəf olaraq qalır. Müxtəlif ölkələr bu məqsədi qarşılarına qoysa da, onların iqtisadi və enerji imkanları fərqlidir. Azərbaycan üçün də 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmaq ciddi çağırışdır. Bunun üçün emissiyaların azaldılması, alternativ enerjinin inkişafı və daha səmərəli texnologiyalara keçidlə bağlı kompleks tədbirlərin həyata keçirilməsi tələb olunur".
Nurgün Qənizadə