Yanacaq satışındakı artım nə ilə bağlıdır?
Ölkə üzrə yanacaq satışında artım müşahidə olunur. Bu artımın səbəbləri, bazardakı dəyişikliklər və istehlak dinamikası diqqət mərkəzindədir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında enerji eksperti Sadiq Həsənov bildirib ki, xüsusilə Qarabağ bölgəsində həddindən çox yüklü avtomobillərin hərəkəti müşahidə olunur:
"Azərbaycanda keçən il avtomobil nəqliyyatı üzrə 123 min ədəd avtomobil idxal olunub. Onların da təxminən 60 minə yaxını, yəni 55-60 minə yaxını hibrid və elektrik avtomobilləridir.
Dediyimiz kimi, keçən il hibrid və elektrik avtomobillərinin idxalında üstünlüklər var idi. Ona görə də həmin sahəyə yönəliş artıq xeyli artıb və bu da avtomobil nəqliyyatının sayını 120 min artımla 1,8 milyona çatdırıb. Əvvəlki illərlə müqayisə etsək, bu göstərici əvvəlki illərdə 90-95 min arasında dəyişib.
Məsələn, 2024-cü ildə bu rəqəm 95 min, 2023-cü ildə isə 92 min olub və təxminən bu istiqamətdə Azərbaycan nəqliyyat sektoru idxalla, yəni yeni avtomobillərin gətirilməsi ilə bağlı formalaşıb. Keçən il bu göstərici artıb. Yəni nəqliyyatın artımında normal, köklü artım olsa da, ciddi sıçrayış yoxdur. Hibrid və elektrik avtomobillərinə yönəlişdə isə artım müşahidə olunur.
Yalnız onu deyək ki, nəticə etibarilə Azərbaycanda orta hesabla 1,8 milyon ton benzin, 1,6-1,8 milyon ton arasında isə dizel yanacağı istifadə olunmuşdur ki, bu da ümumilikdə təxminən 3.5-3.8 milyon ton yanacaq istehlakı deməkdir, ancaq təkcə nəqliyyat sektorunda. Yəni keçən ildə nəqliyyat sektorunda bu istehlak artıb və benzin, dizel yanacağının istifadəsinin artmasının əsas səbəblərindən biri tikinti işlərinin genişlənməsidir, belə düşünürəm.
Xüsusilə Qarabağ bölgəsində həddindən çox yüklü avtomobillərin hərəkəti müşahidə olunur. Tikinti meydançalarına yükün daşınması, güclərin daşınması və bu zaman nəqliyyat istehlakının artması əsas səbəblərdən biridir. İkinci səbəb isə müəyyən qədər əhalinin avtomobillə regionlara səfərlərinin artmasıdır.
Məsələn, əvvəlki göstəricilərlə müqayisədə burada artım müşahidə olunur. Yəni bu da təsir edən amillərdən biridir ki, əhali turist səfərlərini və yaxud regionlara səfərlərini artırıb və bu istiqamətdən də istehlakın artmasına səbəb ola bilər. Ümumi artım isə elə də böyük deyil, əvvəlki illərlə müqayisədə 7-8 faizdir. Bu da həm nəqliyyatın sayının artımı ilə kompensasiya olunub, eyni zamanda daşınan sərnişinlərin sayının və avtomobillərin hərəkət intensivliyinin artması ilə müşahidə oluna bilər".
Arzu Poladova
