00:00:00
Yazar
Aysel Mirzəyeva
26.03.2026 20:00 18 2 dəq oxuma
Sosial

Yanan sərvət: Azərbaycanda sahibkarlar niyə sığortadan uzaqdır?

Yanan sərvət: Azərbaycanda sahibkarlar niyə sığortadan uzaqdır?

Sahibkarların öz obyektlərini sığortalaması məsələsi illərlə aktuallığını qorusa da, praktikada bu sahədə ciddi boşluqlar qalmaqdadır. Bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonu ərazisində yerləşən mebel sexində baş verən yanğın bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub. Hadisə sığortasız fəaliyyət göstərən müəssisələrin üzləşə biləcəyi riskləri bir daha ortaya qoyub.

 

Mövzu ilə bağlı sığorta mütəxəssisi Şahin İsmayılov “İnformator.az”a açıqlamasında bildirib ki, Binəqədi ərazisində yerləşən mebel sexində baş verən yanğın hadisəsi sahibkarlara məxsus daşınar və daşınmaz əmlakın sığortalanması məsələsini yenidən gündəmə gətirib:

 

“Yanğın sahibkara külli miqdarda ziyan vurub və obyekt sığortalı olmadığı üçün bütün zərər sahibkarın üzərində qalıb. Sual yaranır: bu cür obyektlər niyə sığortalanmır? Niyə sahibkarlar əmlaklarını bu qədər risk altında saxlayırlar? İlk olaraq onu demək lazımdır ki, bir çox sahibkarları cərimələnməmək üçün yalnız daşınmaz əmlakın icbari sığortası ilə kifayətlənirlər. Amma çox vaxt ya unudurlar, ya da bilmirlər ki, daşınar əmlak da sığortalanmalıdır. Halbuki böyük obyektlərdə əsas dəyər məhz daşınar əmlakın - avadanlıqların, hazır məhsulların payına düşür. Yanğın zamanı da ən böyük itki məhz burada olur və bəzən zərər milyonlarla ölçülür. Məncə, burada əsas səbəblərdən biri sahibkarların kifayət qədər məlumatlı olmamasıdır. Halbuki hər bir sahibkar bilməlidir ki, daşınmaz əmlakın icbari sığortası ilə yanaşı, daşınar əmlakın könüllü sığortası və mülki məsuliyyət sığortası da vacibdir. Təəssüf ki, əksər sahibkarlar minimum sığorta haqqı ödəməyi üstün tutur və bununla işi bitmiş hesab edir. Digər tərəfdən, sığorta şirkətləri də tez alışan materiallarla işləyən obyektləri sığortalamağa o qədər də həvəsli olmurlar. Çünki bu obyektlərin çoxu tələb olunan təhlükəsizlik standartlarına cavab vermir. Elə olur ki, sahibkar sığorta üçün müraciət edir, amma sığorta şirkəti riskə görə imtina edir. Sığorta şirkətlərini də tam günahlandırmaq olmur. Onlar da açıq-aşkar böyük riskə girmək istəmirlər. Beləliklə, ortaya bir növ çıxılmaz vəziyyət yaranır. Sahibkarların bir qismi məlumatsızdır, məlumatlı olanlar isə obyektlərini tələblərə uyğun səviyyəyə çatdıra bilmir. Nəticədə müraciət edən sahibkar da sığorta şirkətindən imtina alır. Bu vəziyyətdə “günah kimdədir?” sualı isə, təəssüf ki, hələ də açıq qalır”.


Cavahir Əsgərbəyli

#uzaqdır? #baki #gündəm #azərbaycan #niyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər