Yanından keçirik, amma şəfasını bilmirik
Kənd yollarında, boş ərazilərdə çox vaxt fikir vermədən yanından keçib getdiyimiz yabanı bitki əslində təbiətin ən güclü şəfa qaynaqlarından biridir. Xalq arasında "turşəng" və ya "quzuqulağı" kimi tanınan bu bitki iltihabı təmizləyir, hüceyrələri yeniləyir və immuniteti polad kimi gücləndirir.
Mövzu ilə bağlı qida eksperti Asim Vəliyev “İnformator.az” a açıqlamasında siyasi şərhçi Azər bəy bildirib ki, Quzuqulağının tərkibində antioksidant maddələr var:
“ Antioksidantlar orqanizmdə qıcıqlanma tipli prosesləri zəiflətməyə kömək edə və iltihabla bağlı müəyyən təsir göstərə bilər. Amma onu dərman kimi təqdim edib tam iltihabı aradan qaldırdığını demək düzgün deyil. Xalq arasında bu bitki daha çox həzmə dəstək üçün və yüngül sidikqovucu kimi istifadə olunur. Ciddi xəstəliklərdə isə tək başına istifadəsi kifayət etmir. Quzuqulağı C vitamini, polifenollar və flavonoidlərlə zəngin, iştaha açan bir bitkidir. Lakin tərkibində yüksək miqdarda oksalat turşusu olduğu üçün ehtiyatla istifadə olunmalıdır. Düzgün kombinasiya edilmədikdə böyrəklər üçün əlavə yük yarada bilər, amma kalsiumla birlikdə qəbul edildikdə bu risk minimuma enir. Bitkinin özünəməxsus turşməzə dadını verən maddə də məhz oksalat turşusudur. Bu isə bəzi insanlarda böyrək daşı riskini artıra bilər. Buna görə də balanslı şəkildə istifadə olunması daha məqsədəuyğundur. Qatıq, ayran, pendir kimi kalsiumla zəngin qidalarla birlikdə yeyilməsi daha faydalıdır. Salatlarda digər göyərtilərlə qarışdırmaq yaxşı nəticə verir. Tək halda çox yeməkdənsə, az miqdarda qarışıq şəkildə istifadə etmək daha uyğundur. Yeməklərə az miqdarda əlavə edilməsi bəzi insanlarda mədə üçün daha yüngül olur. Böyrək daşı problemi olan şəxslər xüsusilə ehtiyatlı olmalıdır. Hər kəsin orqanizminin reaksiyası fərqli ola bilər”.
Selcan Xudiyeva