Yanvar səmasını işıqlandıracaq Kvadrantid meteor yağışı
Gələn ilin ilk günlərində səma həvəskarlarını maraqlı astronomik hadisə gözləyir. Yanvarın əvvəlində müşahidə olunacaq Kvadrantid meteor yağışı Yer kürəsinin asteroid mənşəli toz və qaya axınından keçməsi nəticəsində yaranacaq. Maksimum aktivliyin 4 yanvar gecəsi qeydə alınacağı bu hadisə, Ayın tam fazada olması səbəbilə müəyyən çətinliklər yaratsa da, parlaq meteorların müşahidəsi mümkün olacaq. Astronomların sözlərinə görə, əlverişli şəraitdə Bakı səmasında onlarla meteor görmək mümkündür.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında BDU-nun Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov bildirib ki, Kvadrantid meteor yağışı bir neçə mühüm xüsusiyyətinə görə digər meteor yağışlarından seçilir:
“Çox qısa maksimum aktivlik müddətinə malikdir. Əksər meteor yağışlarının pik mərhələsi 1-2 gün davam etdiyi halda, Kvadrantidlərdə maksimum aktivlik cəmi bir neçə saat sürür. Yüksək intensivlik göstərir. Qısa müddət ərzində meteorların sayı kəskin artır və Kvadrantidlər ilin ən intensiv meteor yağışlarından biri hesab olunur. Radiantı şimal səmasında yüksəkdə yerləşir, bu da Şimal yarımkürəsində, o cümlədən Azərbaycanda müşahidəni əlverişli edir. Meteorların əksəriyyəti parlaq və kəskin izlər buraxır.
Mikayılovun sözlərinə görə, Kvadrantid meteor yağışı nadir meteor yağışlarındandır ki, klassik komet deyil, (196256) 2003 EH₁ adlı asteroid mənşəli obyekt ilə əlaqələndirilir:
“Bu mənşə onun xüsusiyyətlərinə birbaşa təsir edir: Asteroid mənşəli axın daha kompakt və sıx olur, buna görə maksimum aktivlik qısa, lakin çox güclü baş verir. Toz hissəcikləri daha sabit və nizamlı orbitdə yerləşir, bu da meteorların sayının birdən-birə artmasına səbəb olur. Meteorlar Yer atmosferinə daxil olarkən orta–yüksək sürətə (təxminən 41 km/s) malik olur və bu da onların parlaqlığını artırır. Bu xüsusiyyətlər Kvadrantidləri komet mənşəli meteor yağışlarından fərqləndirir. Radiant nöqtəsi üfüqdən təxminən 70° hündürlüyə qədər qalxır ki, bu da müşahidə üçün çox əlverişlidir. Nəzəri olaraq zenitdə saatlıq norma 120 meteor/saat olsa da, real şəraitdə Bakıda təxminən 100–113 meteor/saat müşahidə oluna bilər. Ən yaxşı müşahidə vaxtı sübhə yaxın saatlar hesab olunur. Lakin maksimum aktivlik dövründə Ayın parlaq fazası müşahidələrə mənfi təsir göstərəcək və zəif meteorların görünməsini azaldacaq. Buna baxmayaraq, parlaq meteorları açıq gözlə müşahidə etmək mümkün olacaq”.
Banu Məmmədova
