Yarım əsrdən sonra Aya dönüş: NASA “Artemis 2” missiyasına hazırlaşır
NASA yarıməsrlik fasilədən sonra yenidən Aya insanlı uçuş həyata keçirməyə hazırlaşır. 2026-cı ilin əvvəlində planlaşdırılan “Artemis 2” missiyası 1972-ci ildən bəri Ayın yaxınlığına ediləcək ilk insanlı səfər olacaq. On gün davam edəcək missiyanın əsas məqsədi dərin kosmos şəraitində həyati sistemləri real vaxt rejimində sınaqdan keçirməkdir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında BDU-nun Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov bildirib ki, Artemis II missiyası yarım əsrdən sonra Ay istiqamətində həyata keçirilən ilk insanlı uçuş olması ilə tarixi əhəmiyyət daşıyır:
“Bu, 1972-ci ildəki Apollo 17 missiyasından sonra insanların Yer orbitindən kənara ilk dəfə göndərilməsi deməkdir. Bu missiya Ay ətrafında insanlı uçuşu yenidən bərpa edir. Gələcəkdə Ay səthinə enişləri (Artemis III və sonrası) mümkün edən keçid mərhələsi rolunu oynayır, Ayın davamlı elmi tədqiqat platformasına çevrilməsi və Marsa insanlı uçuşlar üçün texnoloji sınaq meydanı funksiyasını yerinə yetirir. Yəni Artemis II təkcə bir uçuş deyil, dərin kosmosda insanlığın davamlı mövcudluğunun başlanğıcıdır”.
Müsahibimiz eyni zamanda bildirib ki, Ay istiqamətində insanlı uçuşun bərpasını mümkün edən elmi və texnoloji nailiyyətlər
Yarıməsrlik fasilədən sonra Ay istiqamətində insanlı uçuşun bərpası müasir kosmik texnologiyaların inkişafı ilə bağlıdır:
“Bu uçuş güclü SLS (Space Launch System) daşıyıcı raketi, yüksək təhlükəsizlik səviyyəsinə malik Orion kosmik gəmisi, inkişaf etmiş rəqəmsal idarəetmə və naviqasiya sistemləri, eləcə də radiasiyadan qoruyan yeni materiallar sayəsində mümkün olub. Bundan əlavə, NASA-nın Avropa, Kanada və Yaponiya kosmik agentlikləri ilə əməkdaşlığı insanlı dərin kosmos uçuşları üçün texnoloji dayanıqlığı artırıb. “Artemis II” missiyasının “Apollo” proqramından əsas fərqləri:
“Apollo” proqramının əsas məqsədi Ay səthinə mümkün qədər tez enmək idi və bu missiyalar qısa müddətli xarakter daşıyırdı. “Artemis” proqramı isə mərhələli, uzunmüddətli və davamlı strategiyaya əsaslanır. “Artemis II” müasir rəqəmsal texnologiyalar, çoxsəviyyəli təhlükəsizlik sistemləri və beynəlxalq əməkdaşlıq üzərində qurulub. Ən əsas fərq ondan ibarətdir ki, “Apollo” proqramı Ay səfərləri ilə məhdudlaşırdı, “Artemis” isə Ayı gələcək Mars missiyaları üçün ara mərhələ və elmi platforma kimi nəzərdə tutur. Hazırkı rəsmi planlara əsasən Artemis II missiyasının uçuşu 2026-cı ildə baş tutmalıdır. Əvvəlcə 2024–2025-ci illər nəzərdə tutulsa da, texniki və təhlükəsizlik yoxlamalarına görə tarix təxirə salınıb.Artemis II uçuşunun ümumi müddəti təxminən 10 gün olacaq.
Bu müddətə daxildir: Yer orbitindən çıxış, Ay ətrafında uçuş (Ayın arxa tərəfini də əhatə edən trayektoriya), Orion kosmik gəmisinin bütün sistemlərinin sınağı, Yerə qayıdış və okeana eniş.
“Artemis III” missiyası proqramın növbəti və ən mühüm mərhələlərindən biridir. Bu, missiya 2027-ci ildən tez olmayaraq planlaşdırılır və insanların 50 ildən sonra yenidən Ay səthinə enməsini nəzərdə tutur. Enmə nöqtəsi kimi Ayın cənub qütbü seçilib. Bu region elmi baxımdan xüsusi əhəmiyyət daşıyır, çünki burada daimi kölgədə qalan kraterlərdə su buzu ehtiyatlarının mövcudluğu ehtimal edilir. “Artemis III” Ayda uzunmüddətli insan mövcudluğunun və gələcək Mars missiyalarının əsasını qoyacaq”.
Banu Məmmədova
