Yarımçıq qalan işlər beyni yorur: Zehni rahatlamağın 5 yolu
Gün ərzində tamamlanmamış tapşırıqlar, açıq qalan işlər və davamlı bildirişlər insan beynində əlavə yük yarada bilər. Bu vəziyyət diqqət dağınıqlığına, stressə və yuxu problemlərinə səbəb olur.
Psixologiyada bu hal “Zeyqarnik effekti” kimi tanınır.1927-ci ildə rusiyalı psixoloq Bluma Zeyqarnik apardığı araşdırmada insanların yarımçıq qalan işləri tamamlanmış tapşırıqlardan daha yaxşı xatırladığını müəyyən edib. Mütəxəssislər bu zehni yorğunluğu azaltmaq üçün beş üsul təklif edirlər.
İlk növbədə, gündəlik tapşırıqları əvvəlcədən planlaşdırmaq və onlar üçün konkret vaxt müəyyənləşdirmək tövsiyə olunur. İşlərin siyahıya alınması heç nəyi unutmamaqla bağlı narahatlığı azaldır. Həmçinin iş saatlarından sonra telefon bildirişlərini söndürmək, elektron poçtları və mesajları yalnız müəyyən vaxtlarda yoxlamaq şəxsi həyata diqqət ayırmağa kömək edir.
Digər tövsiyə bir neçə layihə üzərində eyni vaxtda işləməkdən çəkinməkdir. Tapşırıqlar arasında tez-tez keçid etmək beynin informasiya yükünü artırır. Buna görə də bir işi tamamladıqdan sonra digərinə başlamaq daha məqsədəuyğun hesab edilir.
Mütəxəssislər bayram və məzuniyyət ərəfəsində işləri əvvəlcədən planlaşdırmağı da məsləhət görürlər. Bütün tapşırıqları bitirmək mümkün olmadıqda, onları sonradan asanlıqla davam etdirilə biləcək vəziyyətdə saxlamaq zehni rahatlıq yarada bilər.
İş və şəxsi həyat arasında sərhəd yaratmaq üçün isə kiçik keçid rituallarından istifadə etmək tövsiyə olunur. İşdən sonra gəzintiyə çıxmaq, başqa otağa keçmək və ya kompüteri fərqli məkana yerləşdirmək beynin iş rejimindən uzaqlaşmasına kömək edir.
Qeyd edək ki, yarımçıq qalan işlərə yenidən qayıtmaq meyli psixologiyada “Ovsiankina effekti” adlanır. Bu yanaşmaya görə, insanlar tamamlanmamış tapşırıqları bitirməyə və başladığı işi sona çatdırmağa meyilli olurlar.
Fatimə Hüseynova