00:00:00
Yazar
Zəri Bayramlı
14.04.2026 21:50 112 2 dəq oxuma
İqtisadiyyat

Yaş artımı fonunda pensiya sisteminin gələcəyi necə olacaq?

Yaş artımı fonunda pensiya sisteminin gələcəyi necə olacaq?

Pensiya yaşı sadəcə bir rəqəm deyil, insanların həyat planlarına və rifahına birbaşa təsir edən vacib sosial amildir. Bu məsələ son dövrlərdə cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib. Bir çox insan mövcud pensiya yaşını yüksək hesab edir və bunun dəyişdirilməsinin vacibliyini vurğulayır.Digər tərəfdən isə iqtisadi reallıqlar pensiya sisteminin gələcəyi ilə bağlı narahatlıq doğurur.

 

 

Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova  “İnformator.az”a açıqlamasında pensiya yaşının artırılmasın ilkin səbəbini doğum səviyyəsinin aşağı düşməsi ilə əlaqədar olduğunu bildirib:

 

“Doğulan uşaqların sayı azaldıqca gənc nüfuz azalır, yaşlı nüfuzun sayı isə artır. Bu da dövlət büdcəsinə əlavə yük deməkdir.Əvvəlki illərlə müqayisədə dövlət büdcəsindən pensiya təminatı üçün nəzərdə tutulan məbləğ azalmaq əvəzinə, təqribən 1.2 - 1.5 səviyyəsində artıb. Yaşlı nüfuzun artması pensiya və müavinətlərin orta məbləğinin azalmasına səbəb olur, çünki eyni vəsait daha çox insan arasında bölünür. Pensiya yaşının hər il artırılması bir növ bu xərcləri növbəti illərə keçirmək üçün bir vasitə kimi istifadə olunur”.

 

İqtisadçı mümkün çıxış yollarını da qeyd edib:

 

"Uşaq pulunun verilməsi doğum səviyyəsini stimullaşdıra bilər. Eyni zamanda, dövlət tərəfindən həyata keçirilən təbliğat və təşviqat layihələri doğum sayının artmasına müsbət təsir göstərir. Bunun nəticəsində gənc və əmək qabiliyyətli əhalinin sayı artır ki, bu da dövlət büdcəsinə ödənilən vergilərin çoxalmasına səbəb olur. Paralel olaraq, iş yerlərinin artırılması gənclərin ölkə xaricinə axınının qarşısını almağa kömək edir. Mövcud vəziyyətdə pensiya yaşı 75, 80 və ya 85-ə qaldırılsa, bu, faktiki olaraq kimsəyə pensiya verilməməsi demək olacaq. Buna görə də yalnız yaş artımı deyil, digər iqtisadi üsullardan istifadə edilməlidir".

 

 

Müsahib yaşın davamlı artırılmasını bir növ pensiyanın  “ləğv”i olduğunu söyləyib:

 

“Çünki hər kəsin o yaşa qədər yaşamasına zəmanət yoxdur. Təklif olunan alternativlər kimi özəl icbari sığorta sistemi yaradıla bilər; şəxs öz sığortasını yatırmaqda könüllü olmalıdır . Təəssüflər olsun ki, əsasən özəl sektorlarda bu qanunun tələbləri pozulur. Şəxs yüksək maaş alır amma dövlətə və ya digər sosial müdafiə fonduna vergini az ödəmək üçün iş yerləri tərəfindən istismar olunur və vətəndaş minumum əmək haqqı alır. Türkiyə modelində olduğu kimi, hətta evdar qadınlar belə bu sistemdən yararlanır və dövlət onlara 30% dəstək verir. Əlavə olaraq, könüllü kapital yığımı təşviq edilməlidir; hər bir şəxs gələcəyi üçün kapital qoyuluşunda maraqlı olmalı və müəyyən minimum hədd tətbiq olunmalıdır ki, əmək qabiliyyətli əhali gələcəkdə öz sosial-iqtisadi xərclərini qarşılaya bilsin”.

 

“Hər il yaşı artırmaq çıxış yolu deyil, bu vətəndaşların hüquqlarının pozulması və sosial şəraitin ağırlaşmasıdır" , - deyə Günay Hüseynova fikirlərini yekunlaşdırıb.

 

Zəri Bayramlı

#azərbaycan #gələcəyi #necə #sisteminin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər