Yatmazdan öncə telefon istifadəsinin zərərləri- Psixoloqdan AÇIQLAMA
Müasir dövrdə smartfonlar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Xüsusilə yatmazdan əvvəl telefon istifadəsi bir çox insan üçün adi vərdiş halını alıb. Lakin bu vərdişin həm yuxu rejiminə, həm də diqqət və yaddaş qabiliyyətinə ciddi təsirləri mövcuddur. Aparılan araşdırmalar göstərir ki, telefon ekranından yayılan mavi işıq və davamlı bildirişlər beynin normal fəaliyyət ritmini pozur. Nəticədə isə həm yuxu keyfiyyəti azalır, həm də gündəlik həyatda diqqət toplamaq çətinləşir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Nabat Mirzəyeva qeyd edib ki, yatmazdan öncə telefon istifadəsi sözsüz ki, yuxu rejiminə təsir göstərir:
“Telefon ekranından yayılan mavi işıq beynin yuxu hormonu olan melatoninin ifrazını azaldır, bu da yuxuya getməyi gecikdirir, yəni yuxu keyfiyyətini aşağı salır. Yuxu keyfiyyətinin aşağı olması yuxudan oyandıqdan sonra yorğunluğa və diqqət əskikliyinə səbəb olur. Bundan əlavə, sosial mediada mesajlaşmalar və video izləmələr zamanı beyin aktiv qalır, yəni istirahət etmir. Bu vəziyyət daimi hal aldıqda diqqət parçalanmasına səbəb olur. Nəticə etibarilə insan gec yatır, yuxusu səthi olur və səhər də yorğun oyanır. Ona görə yuxuya getməmişdən öncə gücümüz çatdığı qədər telefondan uzaq qalmalıyıq, yuxu rejimini qaydasına
salmağa çalışmalıyıq.
Normal yatmamaq, normal yuxu rejiminin olmaması bir müddət sonra sağlamlığımızla bağlı istər psixoloji, istərsə də fiziki olaraq problemlərin özünü büruzə verməsinə səbəb olur”.
Nabat Mirzəyeva əlavə edib ki, bir şeyə diqqətimizi verdiyimiz, məşğul olduğumuz və ya öyrəndiyimiz anda gələn bildirişlər bizim həmin mövzu üzrə diqqətimizin yayılmasına səbəb olur:
“Hər gələn bildiriş beynin diqqətini bölür və uzun müddət fokuslanmasını çətinləşdirir. Bu vəziyyət daimi diqqət parçalanmasına səbəb olur ki, nəticədə insan oxuduğunu və öyrəndiyini çətin yadda saxlayır. Eynilə diqqətin tez-tez bölünməsi beynin dərin düşünməsi, analiz etməsi, məlumatı emal etmək qabiliyyətində zəiflik yaradır və bir şeyi tamamlamağa fokuslana bilmədiyi üçün həm o işlə bağlı məhsuldarlığı azalır, həm də yaddaqalma prosesi zəifləyir. Nəticə etibarilə bunu demək olar ki, diqqət və yaddaş üçün telefon istifadəsinə gecə saatlarında xüsusilə diqqət etmək lazımdır".
Məmmədova Zəhra