00:00:00
Yazar
Zəri Bayramlı
15.04.2026 22:46 28 3 dəq oxuma
İqtisadiyyat

Yaxın Şərqdə gərginlik fonunda neftin bahalaşması

Yaxın Şərqdə gərginlik fonunda neftin bahalaşması

Son həftələrdə qlobal enerji bazarları yenidən geosiyasətin sərt küləkləri ilə üz-üzə qalıb. Yaxın Şərqdə gərginliyin kəskinləşməsi, ABŞ və İran arasında hərbi qarşıdurmanın genişlənməsi, eləcə də dünya neft tədarükünün strateji arteriyası sayılan Hörmüz boğazı ətrafında risklərin artması bazarlarda narahatlığı pik həddə çatdırıb. 

 


Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki, dövlət büdcəsində neftin orta illik qiyməti 65 dollar götürülüb və neftin orta illik qiymətinin hər 10 dollar yüksək olması Azərbaycana 2,2 milyard manat xeyir verir:

 

"Bunun 1,8 milyard manatı neft fondunun gəlirlərinin artması, 400 milyon manatı isə dövlət büdcəsinin gəlirlərinin artması hesabına mümkün olur.Burada məsələ ondan ibarətdir ki, bir günlük və ya bir aylıq artımdan söhbət getmir, illik orta qiymətin 10 dollar yüksək olmasının ölkəyə gətirdiyi faydadan söhbət gedir. Təbii ki, son baş verən hadisələr təkcə neft qiymətlərini yox, qaz qiymətlərini də yüksəldib, və əhəmiyyətli artım müşahidə olunur. İxracatın strukturuna baxanda, ixracatın təqribən 35-40%-i qaz gəlirlərindən formalaşır. Bu da onu deməyə imkan verir ki, qazın orta qiymətlərinin artması ölkənin qazdan gələn gəlirlərinin artmasına gətirib çıxara bilər. Məsələ ondan ibarətdir ki, qiymətlərin yüksəlməsi ilə ölkə birbaşa fayda əldə edir, lakin sonradan idxal inflyasiyası hesabına ölkə üçün inflyasiya yükü yaranır. Yəni, enerji qiymətlərinin artmasına təkcə birtərəfli baxmaq olmaz.Çünki dünya enerji qiymətlərinin artması idxal qiymətlərinin və daşıma xərclərinin yüksəlməsi hesabına ölkəyə idxal inflyasiyası gətirir və bu, xüsusilə, sosial həssas qruplar üçün əlavə yük yaradır”.


İqtisadçı əlavə edib ki, neft və qaz qiymətlərinin yüksək olacağına dair yeni proqnozlar formalaşıb:


"Proqnozlara görə mart ayında orta qiymətlər 80 dolların üzərində olacaq. Hazırda qiymətlər 100 dollar ətrafındadır və mart üçün yüksək səviyyə formalaşıb, ikinci rüb üçün isə neft qiymətlərinin 70 dolların üzərində qalacağı proqnozlaşdırılır. Yəni, ilin əvvəlində və ötən ilin sonunda verilən 55-65 dollar arası proqnozlar yenilənib və neftin daha yüksək qiymətlə ticarət olunacağı bildirilir. Müharibənin ölkəyə mənfi tərəfləri də  var. Amerika, İsrail, İran qarşıdurmasının mənfi tərəfi ondan ibarətdir ki, birincisi, İran üzərindən idxal dayanır.İkincisi, İranda tranzit yüklərinin daşınması problemə çevrildiyinə görə idxalın daşıma xərcləri yüksəlir.Həm şərqdən gələn yüklər daha bahalı marşrutlarla ölkəyə daxil olur, həm də alternativ istiqamətlərdə yüklənmənin artması daşıma xərclərini artırır.Yəni, müharibənin müsbət tərəfi neft-qaz qiymətlərinin yüksəlməsi, mənfi tərəfi isə logistika və idxal xərclərinin artmasıdır”.


Xalid Kərimli son olaraq əlavə edib ki, büdcəyə yenidən baxılma ehtimalı baş verən proseslərin davam müddətindən asılıdır. Əgər müharibə və Hörmüz boğazının bağlanması uzun müddət davam edərsə və bu, inflyasiyanı yüksəldərsə, hökumət sosial həssas təbəqənin yükünü azaltmaq üçün büdcə dəyişiklikləri və ya ehtiyat fondlardan istifadə edə bilər. Əsas məsələ müharibənin nə qədər davam edəcəyi və onun inflyasiyaya təsiridir.Qısa müddətli proqnozlara görə büdcənin yayda dəyişdirilməsi gözlənilmir. Amma müharibə uzun müddət davam edərsə və inflyasiyanı artırarsa, hökumət sosial məsələlərə yenidən baxa bilər”.

Nurgün Qənizadə

#yeni #fonunda #bahalaşması #azərbaycan #şərqdə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər