Yaxın Şərqdə müharibə neftin qiymətini artırıb: Azərbaycanın gəlirləri də yüksələ bilər
Yaxın Şərqdə artan hərbi gərginlik qlobal enerji bazarlarına da təsir göstərib və neft qiymətlərində kəskin artım müşahidə olunur. Regionun dünya neft tədarükündə mühüm paya sahib olması fonunda qiymətlərin yüksəlməsi enerji ixrac edən ölkələrin gəlirlərinin artacağı ilə bağlı müzakirələri gündəmə gətirib. Bu vəziyyətin Azərbaycanın iqtisadi gəlirlərinə mümkün təsiri də diqqət mərkəzindədir.
Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində iqtisadçı Natiq Cəfərli bildirir ki, neftin qiymətinin qalxması istənilən halda Azərbaycan üçün xeyirlidir:
“Bu zaman ölkənin valyuta gəlirləri artır və valyuta ehtiyatlarımız çoxalır. Lakin bunun əks təsirləri də mövcuddur. Neft bahalaşdıqda logistika, daşınma və sığorta xərcləri də artır. Bunun nəticəsində idxal olunan məhsulların qiyməti yüksələ bilər.Azərbaycan idxaldan müəyyən dərəcədə asılı olan ölkədir. Bir çox sahələrdə xaricdən gətirilən məhsullardan istifadə olunur. Dünyada yanacaq qiymətləri artdıqda logistika xərcləri yüksəlir, daşınma yollarında sığorta haqları bahalaşır. Bu isə Azərbaycana gətirilən məhsulların qiymətinə də təsir göstərir. Bir tərəfdən neftin qiymətinin artması Azərbaycana daha çox valyuta gətirir, digər tərəfdən isə idxaldan asılılığın yüksək olması səbəbindən ölkəyə gətirilən məhsulların qiyməti bahalaşa bilər”.
Ədilə Hüseynzadə