Yaxın Şərqdə yeni gərginlik siqnalı: ABŞ-İran xəttində nə baş verir?
ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlar beynəlxalq siyasətin ən mühüm məsələlərindən biri olaraq qalır. ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranla mümkün saziş üçün daha sərt şərtlər irəli sürməsi bu prosesə yenidən diqqəti artırıb. Məlumata görə, Vaşinqtonun yenilənən təklifləri Tehrana göndərilib və bu dəyişikliklər İran üzərində təzyiqi artıraraq danışıqların sürətlənməsinə xidmət edir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ administrasiyasının İran sazişi üzrə şərtləri sərtləşdirməsi ilk növbədə Trampın danışıqlarda maksimum təzyiq xəttini qorumaq istəyi ilə bağlıdır:
"Vaşinqton İranın nüvə proqramı, zənginləşdirilən uran ehtiyatları və Hörmüz boğazı üzərindəki təsir imkanlarını yalnız diplomatik məsələ kimi deyil, həm də regional təhlükəsizlik riski kimi qiymətləndirir. Buna görə ABŞ daha sərt şərtlərlə Tehranın manevr imkanlarını məhdudlaşdırmağa, sazişin icrasını isə daha yoxlanıla bilən və məcburedici formaya salmağa çalışır. İrana əlavə təzyiq strategiyası regionda balansı iki istiqamətdə dəyişə bilər. Digər tərəfdən isə Tehran bunu təhdid kimi qəbul edərək proksi qüvvələr və enerji marşrutları üzərindən gərginliyi artıra bilər. Əgər ABŞ təzyiqi diplomatik razılaşma ilə tamamlayarsa, bu, regionda nisbi sabitlik yarada bilər. Amma təzyiq yalnız ultimatum xarakteri daşıyarsa, İranın sərt cavabı Yaxın Şərqdə yeni qarşıdurma risklərini yüksəldəcək".
Mehriban Yariyeva